“Azərbaycan söz və mətbuat azadlığının pozulması üzrə liderlərdən biridir”

Martın 24-də Strasburqda Avropa Şurasında “İnsan Hüquqları üzrə Avropa Məhkəməsi və azad mətbuat birliyi arasında dialoqun təşviqi ” adlı konfrans keçirilib.
Konfransın əsas mövzuları diffamasiya və şəxsi məlumatların qorunması, araşdırmaçı jurnalistika və rəsmi məlumata çıxış, məlumat mənbələrinin qorunması, etiraz etmək hüququ və proseslər zamanı mətbuatın rolu olub.
Avropanın qabaqcıl ekspertləri, AİHM və Avropa Şurasının işçiləri, jurnalistlər özləri bu məsələlər üzrə məruzə ilə çıxış ediblər.
Çıxışların əsas tezisləri kimi Avropanın əsas dəyərlərindən və standartlarından biri olan söz və ifadə azadlığının son illər ciddi şəkildə ziyan görməsi olub. Bu cür proseslərin Avropa Şurasına üzv olan bir sıra ölkələrdə fəal şəkildə inkişaf etməsi xüsusilə üzücü haldır.
Belə ölkələr arasında Rusiya, Türkiyə və Azərbaycan göstərilib. Macarıstanda da mənfi tendensiyalar müşahidə olunur. Məruzəçilər “bir təşkilat kimi Avropa Şurasının özünün əsasını sarsıdan” bu proseslərdən ciddi narahatır, deyə AİHM vitse-prezidenti, Macarıstanlı hakim Andraş Sayo bildirib.
Avropa Şurası müdafiə etməli olan  dəyərlər sıradan çıxarılır, və onlar arasında söz və ifadə azadlığı da  var, deyə o qeyd edib.
Bu gün bu dəyərlərin müdafiəsi yollarının və mexanizmlərinin axtarışı ciddi siyasi problemə çevrilir. Digər natiqlər bir sıra ölkələrin hakimiyyətlərinin mətbuat azadlığını pozmaq və faktiki olaraq senzura və ya özünüsenzura tətbiq etmək məqsədilə getdikcə daha kəskin metodlar tətbiq etdiyini qeyd ediblər. Belə ölkələr arasında Rusiya, Türkiyə və Azərbaycan qeyd olunub. Bu ölkələrdə hökumətlər xüsusilə gobud və həyasızcasına hərəkət edirlər.
Rusiyalı ekspert Qalina Arapovanın sözlərinə görə, bu və digər ölkələrin hakimiyyətləri Avropa Şurası qarşısındakı öhdəliklərini və özlərinin imzaladıqları çoxsaylı beynəlxalq konvensiyaların müddəalarını açıq-aşkar pozur və ya onlara məhəl qoymurlar.
Bu hökumətlər belə siyasətin nəticələrini dərk etməli və AİHM-nin bu hökumətlərə qarşı qərarları davam edəcəyindən əmin olmalıdır, çünki Avropa Şurası heç bir halda baş verənləri sakit şəkildə müşahidə etməyəcək, deyə öz növbəsində AİHM hakimi Robert Spano qeyd edib.
Bəzi hökumətlər öz iradələrini Avropa Şurasına qəbul etdirməyə müvəffəq olacaqlarını düşünürlərsə, yanılırlar. Bəzi hökumətlər belə siyasətlə yalnız Avropa Şurasından uzaqlaşırlar, deyə o qeyd edib.
Natiqlər bildirib ki, son zamanlar Avropa Şurasının ayrı-ayrı üzv ölkələri insan hüquqlarının pozulmasına görə tənqidin qarşısını almaq üçün açıq-aşkar korrupsiyadan istifadə edir. Belə ölkələr arasında AİHM-nin qərarlarına məhəl qoymamağa davam edən və özünü Avropa Şurasından üstün tutmağa çalışan Azərbaycanın adı çəkilib.
Azərbaycanın Avropa Şurasında rəsmi nümayəndələrindən biri bu fikri təkzib etməyə çalışıb, Azərbaycanda ifadə azadlığının pozulması məsələləri ilə bağlı AİHM-nin cəmi iki qərarının qəbul edildiyini və hər ikisinin icra olunduğunu deyib. “Buna görə bu kontekstdə Azərbaycanın adının çəkilməsi doğru deyil”, deyə o bildirib.
Amma  bir neçə panel iştirakçısı bu bəyanatı təkzib edib, Azərbaycanda söz və mətbuat azadlığının vəziyyətinin hamıya məlum olduğunu bildiriblər. Azərbaycanla bağlı cəmi iki qərar olubsa, bu, o demək deyil ki, başqa pozuntu yoxdur. Hazırda AİHM-nin Azərbaycanda həbs olunmuş onlarla jurnalistin işi baxılma və kommunikasiya mərhələsindədir.
Və vəziyyət  daha da pisləşib və bu tendensiya davam edir. Belə ki, bu gün Azərbaycan Türkiyə ilə birlikdə həbs olunmuş jurnalistlərin və blogerlərin sayına görə Avropa Şurası üzvləri arasında liderdir.
Xüsusi olaraq qeyd edilib ki, jurnalistləri diffamasiya maddəsi ilə həbs etməmək vədlərindən və uzun illər moratoriumdan sonra hakimiyyət Mehman Hüseynovu məhz diffamasiya maddəsilə həbs edib.
Azərbaycan jurnalist nümayəndə heyətinin üzvlərindən biri qeyd edib ki, son illər Azərbaycanda qanunvericiliyə söz və ifadə azadlığını, jurnalist araşdırmalarını kəskin şəkildə məhdudlaşdıran və Azərbaycanın Avropa Şurası qarşısındakı öhdəliklərinə zidd olan çoxsaylı düzəlişlər olunub. Buna hakimiyyətin sosial şəbəkələr üzərində ciddi nəzarətini və hakimiyyətin İnternetdə ifadə azadlığını qanunvericiliklə məhdudlaşdırmaq cəhdini əlavə etmək lazımdır.
Qeyd edək ki, bundan iki gün əvvəl Azərbaycan jurnalistlərinin nümayəndə heyətinin üzvləri Avropa Şurası və Avropa İttifaqının “Azərbaycanda söz və ifadə azadlığı” adlı birgə layihəsi çərçivəsində Avropa Şurası və AİHM-nin müxtəlif departamentlərinin nümayəndələri ilə bir sıra görüşlər keçiriblər. Bu qapalı görüşlərdə Azərbaycandakı vəziyyət ayrıca müzakirə olunub və mənfi qiymətləndirilib. Görüşlərin ümumi yekunu belə olub ki, Strasburq heç bir halda Bakının repressiv siyasəti ilə barışmayacağ və bunun qarşısını almaq üçün bütün mümkün tədbirləri görəcək.