AZALJET Azərbaycanın regionlarından Moskvaya uçuşlara başlayır

“Azərbaycan Hava Yolları”-nın aşağı büdcəli brendi AZALJET Moskvanın “Vnukovo” hava limanından Azərbaycanın regionlarına – Gəncə və Qəbələyə müntəzəm reyslər yerinə yetirməyə başlayır.
Abzas.net xəbər verir ki, İlk Moskva-Gəncə reysininin yerinə yetirilməsi münasibətilə martın 15-də AZAL aviaşirkətinin vitse-prezidenti Eldar Hacıyev və “Vnukovo” hava limanının baş direktoru Vasili Aleksandrovun iştirakı ilə təntənəli tədbir keçirilib.
Moskva-Gəncə reysləri hər həftənin çərşənbə və şənbə günləri, Moskva-Qəbələ reysləri isə hər həftənin cümə axşamı günləri Airbus A320 təyyarələri ilə yerinə yetiriləcək.
Hazırda “Azərbaycan Hava Yolları” Rusiyanın dörd şəhərinə müntəzəm reyslər həyata keçirir: “Vnukovo” hava limanı ilə yanaşı, AZALJET Moskva “Domodedovo” hava limanına, Sankt-Peterburq (“Pulkovo”), Mineralnie Vodı və Kazana reyslər yerinə yetirir. Həmçinin Gəncədən Sankt-Peterburqa müntəzəm aviareys həyata keçirilir.
Aviabiletlərin qiymətləri bir istiqamətə 49 avrodan başlayır. Reyslər çərçivəsində çəki konsepsiyası tətbiq olunacaq – baqajın daşınma qiyməti hər kiloqram üçün 2 avro təşkil edəcək.
Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq, AZAL-ın kassalarında və rəsmi agentliklərində əldə etmək mümkündür.