Bacısı Sevinc Osmanqızıdan imtina etməsi ilə bağlı müraciət yayıb

Tanınmış jurnalist Sevinc Osmanqızının bacısı Lalə Hacıyev ondan imtina etdiyi ilə bağlı APA-ya göndərdiyi məktubunda yazıb. Lalə Hacıyeva bildirib ki, bundan sonra onu Sevinc Osmanqızı ilə heç nə bağlamır.
Müraciətdə deyilir ki, Lalə Osman qızı Hacıyeva Sevinc Osman qızı Mirzəyeva ilə bir atanın, bir ananın övladlarıdı. Lalə Hacıyeva bildirir ki, həyatlarında nə siyasi baxışlarına görə, nə də şəxsi zəmində son vaxtlaradək ciddi problemləri olmayıb.
“Son iki ildə Sevincin siyasi mövqeyinin kəskin dəyişməsi məndə təəssüf yaradıb. Mənim dəfələrlə və təkidlə ona sağlam siyasi mövqe nümayiş etdirmək üçün təsir etməyimə baxmayaraq, o öz fikrindən əl çəkmədi. Məhz buna görə də bizim siyasi baxışlarımız qarşı-qarşıya gəldi. Uzun düşüncələrdən sonra siyasi mövqeyimi mətbuat vasitəsilə açıqlamaq qərarına gəldim”.
Jurnalistin bacısı deyir ki, dəfələrlə elektron media vasitəsilə Sevinc Osmanqızının  Azərbaycan, onun siyasi rəhbərliyi barədə yazdığı fikirlərə tənqidi münasibətini bildirib, ailələrinin tərbiyəsinə yaraşmayan mövqedən əl çəkməsini böyük bacı kimi də tələb edib.
“Sevincin möhtərəm cənab Prezidentimiz İlham Əliyev və  çox hörmətli birinci vitse-prezident, xanım  Mehriban Əliyeva haqqında yazdığı fikirləri qətiyyətlə rədd edirəm. Onun bu məsuliyyətsiz mövqeyini siyasi səbatsızlıq hesab edirəm. Və onun kimlərinsə əlində siyasi oyuncaq olmasına üzülürəm”.
L.Hacıyeva, həmçinin, bacısının mövqeyinə görə, atası, mərhum Osman Mirzəyevin adının hallandırıldığını, onun ruhunun inciməsindən narahat olduğunu da qeyd edib:
“Onunla bağlı müzakirələrdə atamın adının hallandırılması, Osman Mirzəyevin adının belə müzakirələrdə çəkilməsi mənə rahatlıq vermir. Bütün bunları nəzərə alaraq mətbuat vasitəsilə bəyan etmək istəyirəm ki, məni Sevinc Osman qızı Mirzəyeva ilə artıq heç nə bağlamır”.
Lalə Hacıyeva Bakı Dövlət Universitetində Jurnalistika Fakültəsi “jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” kafedrasının müəllimi işləyir.
Sevinc Osmanqızı isə bir neçə ildir ki, ABŞ-da yaşayır. O, hazırda meydan.tv ilə əməkdaşlıq edir və online televiziyanın xüsusi buraxılışlarının aparıcısıdır. Həmin buraxılışlarda hökumətin siyasəti tənqid edilir.