Bolqarıstanda növbədənkənar parlament seçkiləri keçirilir

Bu gün, martın 26-da Bolqarıstan Parlamentinə 44-cü çağırış növbədənkənar seçkilər keçirilir. 
Abzas.net xəbər verir ki, seçkilərdə 13 partiya, 9 koalisya, 21 təşəbbüs qrupu iştirak edir. Ümumilikdə 31 seçki dairəsi üzrə 4732 namizəd qeydə alınıb.
Seçki günü Bolqarıstanda 12 min, ölkə hüdudlarından kənarda, Azərbaycan da daxil olmaqla 70 dövlətdə 371 seçki məntəqəsi açılıb.
Seçici siyahısında səsvermə hüququna malik təqribən 7 milyon seçici qeydiyyata alınıb. Seçki günü ölkə üzrə ictimai təhlükəsizliyi 14 min polis qoruyacaq.
Müşahidəçilərin fikrinə görə, əsas mübarizə isə hakim “Vətəndaşlar Bolqarıstanın Avropa inkişafı uğrunda” (GERB) partiyası və müxalifətdə olan “Bolqarıstan Sosialist Partiyası”  arasında gedəcək.
2014-cü il seçkilərində olduğu kimi bu seçkilərdə də hakim GERB partiyasının qalib gələcəyi gözlənilir.
Bolqarıstan prezidenti Rumen Radev yanvarın 24-də, yəni prezident səlahiyyətlərinin icrasına başladığı 2-ci gündə 43-cü çağırış Xalq Məclisinin (Parlament) yanvarın 27-də buraxılması barədə sərəncam imzalayıb.
Bolqarıstan parlamentinin 240 deputatı dörd il müddətinə seçilir. Seçicilərin 4 faizindən çoxunun səsini alan partiya parlamentdə təmsil olunmaq hüququ qazanır.