Boqota toplantısında Azərbaycanla bağlı konsensus alınmayıb

Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü (MSŞT) üzrə beynəlxalq İdarə Heyətinin Boqotada keçirilən 36-cı toplantısında uzun müzakirələrdən sonra konsensus alınmadığından Azərbaycanla bağlı müzakirələr martın 9-da davam etdiriləcək.
Bu barədə toplantıda iştirak edən Azərbaycanın Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyasının əlaqələndiricisi Qubad İbadoğlu məlumat yayıb.
Onun sözlərinə görə, martın 8-də beynəlxalq idarə heyəti Tacikistan, Solomon Adaları və Qırğızıstanın fəaliyyətini dayandırmaqla bağlı qərar qəbul edib.
İbadoğlunun fikrincə, Azərbaycandakı durumunun müzakirəsi toplantının ən mürəkkəb müzakirəsidir.
“Çünki, bu məsələdə ölkələr və şirkətlərin maraqları müxtəlifdir. İdarə Heyəti üzvlərinə təqdim olunmuş son hesabatda göstərilir ki, hazırda MSŞT 51 ölkədə tətbiq olunur. Bu təşəbbüsün tətbiqində ən böyük çətinliklər Azərbaycanda, Əfqanıstanda, Mərkəzi Afrika Respublikasında, İndonesiyada, Myanmarda, Solomon Adalarında, Tanzaniyada, Tacikistanda, Timor-Lest və Yəməndə müşahidə olunur”, o qeyd edib.
Azərbyacanda Mədən Sənayesində Şəffaflığın Artırılması QHT Koalisiyasına 150-dən çox QHT daxilidr. Bu QHT-lər arasında firkir ayrılığı var. Bir qrup QHT Azərbaycanın “Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə Beynəlxalq Təşəbbüs”ün islahedici planını yerinə yetirdiyi, digər qrup QHT isə tam yerinə yetirilmədiyi ilə bağlı bəyanatla çıxış edib.
Azərbaycan 2015-ci il aprelin 15-də Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə Beynəlxalq Təşəbbüsündə tamhüquqlu üzv statusunu itirib. Ona növbəti 1 il müddətində icra üçün islahedici plan təklif olunub.
Ötən ilin sonlarında təşkilatın rəhbərləri Bakıya səfəri zamanı bildirilib ki, QHT-lərin problemlərinin həllinə başlanılıb. QHT rəhbərlərinin və üzvlərinin ölkədən çıxışı və ölkəyə dönüşü zamanı qarşılaşdıqları sərhəd yoxlamaları dayandırılıb, üzv təşkilatların bank hesablarından həbslər götürülüb və əvvəllər qeydiyyatından imtina edilmiş bir sıra qrant müqavilələri Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb.
Bununla yanaşı, koalisiyaya daxil olan QHT-lərin bir qismi hesab edir ki, atılan addımlar davamlı və sistemli olmadığına görə vətəndaş cəmiyyətinin problemləri tam həllini tapmayıb.
Bəzi təşkilatların qrant müqavilələri Ədliyyə Nazirliyində qeydiyyata alınmadığına görə onların bank hesablarından istifadəyə tətbiq olunan qadağalar hələ də qüvvədədir. Koalisyinaın bir neçə üzvü həbsdədir.
QHT-lərin fəaliyyətini tənzimləyən qanun və normativ sənədlərdə son illər ərzində edilən məhdudlaşdırıcı xarakterli əlavə və dəyişikliklərdən sonra hüquqi mühit daha da pisləşib.