Elon Musk insan beyni ilə kompüterləri birləşdirmək üstündə işləyir

Teslanın yaradıcısı, milyarder Elon Musk insan beyni ilə kompüterləri birləşdirəcək Neuralink adlı yeni şirkət qurub. Bu barədə Wall Street Journal məqalə hazırlayıb. 
Xəbərdə bildirilir ki, Neuralink-in məqsədi Musk-ın “sinir hörgüsü” adlandırdığı texnologiya ilə beyinə kiçik elektrodlar yerləşdirmək və bunun vasitəsi ilə günlük məlumatları yükləmək və silməkdir.
Musk rəsmi bir açıqlama verməsə də, Twitter hesabında qısa bir açıqlama verərək məlumatı təsdiqləyib. Neuralink şirkəti ötən ilin iyul ayında Kaliforniyada “tibbi araşdırma” şirkəti kimi qeydiyyatdan keçib. Şirkətin planları haqda məlumat verən mənbə onu da bildirib ki, şirkətin maliyyəçisi elə Musk-ın özüdür.
Neuralink-in hansı növ məhsul istehsal edəcəyi hələ məlum deyil, lakin şirkətin işi ilə bağlı müzakirələr aparmış insanlar bunun kosmosla əlaqəli SpaceX və ya Tesla kimi bir şirkət olacağını düşünürlər.
Jurnal onu da xəbər verir ki, Neuralink son həftələrdə bu sahənin aparıcı alimləri ilə işləmək üçün müqavilə imzalayıb.