“Etibarsız” saytların bağlanması davam edir

Martın 28-də Azərbaycanda ölkə hökumətini tənqid edən üç sayt: “Azadlıq” qəzetinin  (azadliq.info), “Meydan TV”nin (meydan.tv) və “Azadlıq” radiosunun Azərbaycan xidmətinin (azadliq.org) saytları yenidən bağlanıb.
Saytların bağlanması martın 27-də günün ikinci yarısında başlayıb. Gecə saatlarında saytlar açılıb, səhər tezdən isə yenidən bağlanıb.
Hakimiyyət bunun səbəbləri ilə bağlı şərh vermir, baxmayaraq ki, nasazlıq varsa, Azərbaycanın Rabitə Nazirliyi onun səbəbini müəyyən etmək və nasazlığı aradan qaldırmaq imkanına malikdir.
Amma Azərbaycanın hüdudlarından kənarda bu saytlar istifadə üçün açıqdır, bu da hakimiyyətin onu tənqid edən və ya hakimiyyətin xoşuna gəlməyən materiallar dərc edən saytları qəsdən bağladığını iddia etmək üçün əsas verir.
Qeyd edək ki, son vaxtlar bu saytlarda Mehriban Əliyevanın vitse-prezident təyin olunması tənqid edilirdi.