“Hövsanda tikiləcək binalarda 3300 mənzil olacaq”

“Hövsan qəsəbəsində ayrılan torpaq sahəsində Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) inşa etdiyi binalarda 3100-3300 yaşayış mənzili olacaq”.
APA xəbər verir ki, bunu MİDA-nın direktoru Samir Nuriyev “Caspian Euopean Club”da çıxışı zamanı bildirib.
S.Nuriyev bildirib ki, ümumiyyətlə vətəndaşlara veriləcək evlərlə bağlı qeydiyyat növbəlilik prinsipi əsasında olmayacaq: “Tez qeydiyyatdan keçən daha tez mənzilə sahib olacaq. Mənzillər tam təmirli, mətbəx mebeli ilə birgə veriləcək. Yaşayış massivləri hazır olduqdan sonra onların idarəedilməsi ilə bağlı MİDA MMC öz təkliflərini verəcək”.
Onun sözlərinə görə, Bakının 3, Sumqayıtın isə 1 ASAN xidmət mərkəzlərində MİDA əməkdaşları vətəndaşların suallarını cavablandırmaq, onları məlumatlandırmaq üçün olacaqlar.
“Sosial evlərin qiyməti bazardakından 25% aşağı olacaq”
“Dövlətin verdiyi dəstək hesabına, MİDA-nın inşa etdiyi binalardakı evlər bazar qiymətindən aşağı müəyyən olunacaq”,-   Samir Nuriyev bildirib.
S.Nuriyev qeyd edib ki, tikinti yerindən asılı olaraq bazar qiyməti müəyyənləşəcək və bu səbəbdən də qiymətlər müxtəlif olacaq.
“Biz gözləyirik ki, qiymətlər ən azı bazar qiymətindən 20-25% aşağı olsun. Çünki, dövlət torpağın ayrılması və kommunikasiyanın çəkilməsi ilə bağlı dəstək verir. Mümkün olsa, qiymətlər bazar qiymətindən daha da aşağı ola bilər”, – deyə S.Nuriyev vurğulayıb.