Jurnalistlərin həbsi: böhtan və təhqir moratoriumu sona çatıb

Son aylardakı həbslər jurnalistlərin Cinayət Məcəlləsinin böhtan və təhqirə görə məsuliyyəti nəzərdə tutan 147 və 148-ci maddələri ilə həbs edilməsinə qoyulmuş moratoriumun götürüldüyünü söyləməyə əsas verir.
Novator.az bildirir ki, 2009-cu ildə prezident İlham Əliyev jurnalist fəaliyyətinə və diffamasiya hallarına görə medianın cinayət məsuliyyətinə cəlb olunmasının məqsədəuyğun hesab edilmədiyini açıqlamışdı. Həmin dövrdən faktiki olaraq Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələrinin tətbiqinə moratorium qoyulmuşdu.
Jurnalistlərə qarşı qaldırılan cinayət işləri ya icraata götürülmür, ya da onlara mülki qanunvericilik əsasında baxılırdı. Bunu 2016-cı il mayın 31-də Bakıda Avropa İttifaqı və Avropa Şurasının “İfadə və media azadlığı” layihəsi çərçivəsində diffamasiya mövzulu dəyirmi masada çıxış edərkən prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da vurğulamışdı.
“Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli və qəzetin əməkdaşı Yaşar Ağazadə həbs ediləndən sonra, demək olar, Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələri ilə jurnalistlər məsuliyyətə cəlb edilmirdi. Rövşən Kəbirli və Yaşar Ağazadə 2007-ci ilin mayında böhtan və təhqirdə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdilər. Onlar həmin ilin dekabrında prezident İlham Əliyevin imzaladığı əfv fərmanı ilə azadlığa çıxdılar.

Jurnalistlərin 147 və 148-ci maddələrlə həbs edilməməsi istiqamətində o vaxtdan davam edən, prezident İlham Əliyevin 2009-cu ildəki bəyanatından sonra isə faktiki moratoriuma çevrilən bu tendensiya 2016-cı ilin sonlarından dəyişməyə başlayıb. Həmin ilin noyabrında Sumqayıt Şəhər Məhkəməsi jurnalistlər İkram Rafiqoğlu və Rahim Novruzovu böhtan və təhqirdə təqsirli bilərək 1 il müddətinə həbs etdi. 2017-ci il martın 1-də Sumqayıt Apellyasiya Məhkəməsi onların cəzasını islah işləri ilə əvəzlədi və jurnalistlər azadlığa çıxdılar.
Ancaq iki gün sonra – martın 3-də bloqçu Mehman Hüseynov həbs olundu.
Mehman Hüseynov Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin şikayəti əsasında həbs edilib. Bloqçu 2017-ci il yanvarın 9-da Bakının Nəsimi rayonunda saxlanmışdı. Onun Bakı şəhər sakini Əkrəm Təhməzovla davaya görə saxlandığı açıqlanmış, məhkəmə qərarı ilə Əkrəm Təhməzov 10 gün müddətinə inzibati qaydada həbs edilmiş, Mehman Hüseynov isə 200 manat məbləğində cərimələnmişdi.
Məhkəmə qərarından sonra mətbuat nümayəndələrinə açıqlamalarında Mehman Hüseynov Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının onu oğurladığını, azadlığını qanunsuz məhdudlaşdırdığını, işgəncələrə məruz qoyduğunu demişdi. Daxili İşlər Nazirliyi isə bu iddiaların əsassız olduğunu, polisin işgüzar nüfuzuna xələl gətirmək məqsədi daşıdığını bəyan etdi. Ardınca Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev onu Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə məhkəməyə verdi. Martın 3-də Suraxanı Rayon Məhkəməsi onu polisə böhtan atmaqda təqsirli bilərək 2 il müddətinə azadlıq məhrum etdi.
Bu, son dörd ayda Cinayət Məcəlləsinin böhtan və təhqirə görə məsuliyyəti nəzərdə tutan 147 və 148-ci maddələri ilə həyata keçirilən üçüncü jurnalist həbsidir.
10 ilə yaxın idi belə həbslər olmurdu.
Sərhədsiz Reportyorların Parisdə aksiyası – 2012
2013-cü ildə Azərbaycan hökuməti “Diffamasiyadan müdafiə haqqında” qanun layihəsini ictimaiyyətə təqdim edib, amma bu sənəd indiyədək parlamentdə müzakirəyə çıxarılmayıb. Belə bir qanunun qəbulu böhtana və təhqirə görə cinayət məsuliyyətinin ləğvi anlamına gəlir.
Cinayət Məcəlləsindən çıxarış:
Maddə 147. Böhtan
147.1. Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma – yüz manatdan beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
147.2. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma – iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 Maddə 148. Təhqir
Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma – üç yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Əvvəlki məqaləMəhbusların hər 7 nəfərədn biri narkotik ittihamı ilə həbs edilib
Növbəti məqalədəİordaniya 10 nəfəri terrora görə asıb