Kənd sakini: “Hər yerə pul tapırlar, bizim kəndə qaz çəkə bilmirlər?”

Beyləqan rayonunun birinci Şahsevən kəndinin sakinləri şikayətçidir. Onlar Meydan TV-yə yazaraq kəndlərində qazın olmadığını, buna görə əziyyət çəkdiklərini deyiblər:
“Bir ildən artıqdır ki, kəndə qaz çəkilişləri başlayıb. 80 faizi çəkilib, qurtarıb. Qalan 20 faizini isə bitirmək bilmirlər. Son 6 aydır, ümumiyyətlə, iş dayanıb. Deyirlər: “Büdcədə pul yoxdur”. Dövlətin pulu yoxdur, amma kəndlinin var? Bilirsiniz elektrik enerjisinə hər ailə ayda nə qədər pul xərcləyir? Çatdıra bilmirik. Çox böyük məbləğdə borclarımız yaranıb. İstəyirik kəndə qaz çəksinlər”.
Nə edək, necə isidək evləri?
Sakinlər bildirirlər ki, kənddə iş yerləri onsuz da azdır. İnsanların gəliri həyətlərində saxladıqları mal-qaradan, toyuq-cücədən, əkin-biçindən çıxır:
“Kasıbçılıqla yaşayırıq. Belə vəziyyətdə qazandığımızın hamısı işığa gedir. Çatdırmırıq, keçmişik həyətimizdəki meyvə ağaclarına. Bir-iki nar ağacı var. Onu da kəsib sobada yandırırıq. Nə edək, necə isidək evləri? Əlacımız qalmayıb”.

Bizim kənd diqqətdən kənarda qalıb

Sakinlər bu yaxınlarda problemləri ilə bağlı Beyləqan Rayon İcra Hakimiyyətində qəbulda olublar. Əziyyətlə növbəyə yazılıb aldıqları görüşün işə yaramadığını deyirlər:
“Bundan sonra yarımçıq qoyulan iş davam etdirilmədi. Bu dəfə də Şahin İsmayılova, Çingiz Qənizadəyə, prezidentə, Rövnəq Abdullayevə, Milli Məclisə müraciət etdik. Heç cavab da gəlmədi. Necə olur, əksər kəndlərə qaz çəkilir, bizim kənd diqqətdən kənarda qalır? Hər yerə pul tapırlar, bizim kəndə qaz çəkə bilmirlər? Bu ölkənin yiyəsi yoxdur, nə edək, bilmirik”.
İcra Hakimiyyəti: “Apreldən iş qaldığı yerdən davam etdiriləcək”
Beyləqan Rayon İcra Hakimiyyətinin ümumi şöbəsindən həmin kəndin qaz probleminin qısa zamanda həll ediləcəyini deyiblər:
“Onlar bu yaxınlarda qəbulda da olmuşdular. Özlərinə də dedik. Həmin kəndə qaz çəkilişləri maliyyə yetməzliyi ücbatından ləngidilmişdi. Ancaq aprelin əvvəlindən iş qaldığı yerdən davam etdiriləcək. Nəinki gələn qış, hətta ondan da tez problem həll olacaq. Həmin kəndin qaz problemi artıq plandadır”.