London hücumu ilə bağlı 7 nəfər həbs edilib

Britaniya paytaxtı Londonda baş verən hücumdan sonra həyata keçirilmiş polis reydləri nəticəsində 7 nəfər saxlanılıb, polis bildirir.
Çərşənbə günü Parlament binası yaxınlığında hücumçu idarə etdiyi avtomobillə səkidəki adamları vurduqdan sonra polisə ölümcül bıçaq xəsarətləri yetirib.
Hücum edən şəxs hadisə yerində hüquq-mühafizəçilərin atəşilə öldürülüb.
Son məlumata görə, silahlı insidentdə 40 yaşlı qadın və 50 yaşlı kişi həyatını itirib. Polis onların adlarını açıqlamır.
Britaniya parlamentində hücumdan sonra təcili yardım xidmətlərinin tədbirləri
Həlak olan polis zabiti 48 yaşlı Keith Palmer-dir. O, 15 il ərzində polis orqanlarında xidmət edib.
Xəsarət almış 29 adama tibbi yardım göstərilib. Onlardan 7 nəfərin vəziyyəti kritik sayılır.
Scotland Yard Metropoliten polisinin terrorçuluqla mübarizə bölməsinin rəhbəri ötən gecə ərzində həyata keçirilən əməliyyatda yüzlərlə polis əməkdaşının iştirak etdiyini bildirib.
Mark Rowley 6 ünvanda axtarışların aparıldığını qeyd edib.
O, Birmingham, London və “ölkənin digər hissələrində araşdırmaların davam etdirildiyini” bildirib.
Westminster
Mark Rowley hücum edən şəxsin təkbaşına hərəkət etdiyi qənaətində olduğunu deyib.
“Əminliklə deyə bilərik ki, hazırkı mərhələdə ictimaiyyətə əlavə hədələrin olduğu barədə konkret məlumata malik deyilik”.
Daha əvvəl Westminster körpüsündə avtomobilin insanlar üzərinə sürülməsi nəticəsində 3 nəfərin öldüyü bildirilirdi.
Lakin Scotland Yard polis qərargahının qarşısında çıxış edən Mark Rowley iki nəfərin öldüyünü qeyd edib.
Polis hadisəni terror aktı kimi qiymətləndirir.
Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.