Məhkəmə həbs olunmuş cəbrayıllı köçkünləri azad etməyib

Məhkəmə Cəbrayıl rayonundan beş məcburi köçkünün ev dustaqlığına azad edilməsi haqqında vəsatəti təmin etməyib. Bu barədə Turan-a təqsirləndirilən şəxslərdən biri – Cəlal Quliyevin hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqov bildirib.
Vəsatətə Biləsuvar rayonunda yerləşən Cəbrayıl rayon məhkəməsində baxılıb. Məhkəmə vəsatəti təmin etməyib və bu qərarını heç cür əsaslandırmayıb.
Xatırladaq ki, dekabrın 22-də Biləsuvar rayonunda məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə elektrik enerjisinin kəsilməsinə qarşı etiraz aksiyası keçirilib.
Aksiya polis tərəfindən dağıdılıb. Beş məcburi köçkün – Cəlal Quliyev, Zaur Firuzlu, Gülağa Alməmmədov, Ülvi Quliyev və İlkin İsgəndərov başqasının əmlakına ziyan vurma və polisə müqavimət göstərmə ittihamı ilə həbs olunub.
Doğmaları həbs olunanların təqsirsiz olduğunu və dinc etiraz aksiyasında iştirak etdiklərini bildirirlər.