Natiq Cəfərli: “Dolların 2 manatı keçəcəyi gözlənilir”

ABŞ Federal Ehtiyat Sisteminin (FED) mart ayının 14-15-də keçirəcəyi iclasda uçot dərəcəsini artırıb-artırmaması ilə bağlı qərarı martın 10-da müəyyənləşəcək.
Martın 10-da ABŞ-da işsizlik və yeni iş yerləri ilə bağlı göstəricilər açıqlanacaq. Göstəricilərdə kəskin mənfi trend müşahidə olunmasa, FED-in uçot dərəcəsini artıracağı dəqiqləşəcək.
İqtisadçı ekspert Natiq Cəfərli Abzas.net-ə açıqlamasında bildirib ki, uçot dərəcəsinin artırılmasını gözləyir:
“Keçən həftə FED-in rəhbəri Canet Yellen çıxışında bildirdi ki, əgər iclasa qədər ciddi bir proseslər baş verməsə, hər hansısa bir fors-major situasiyası yaranmasa çox güman ki, faizlər artırılacaq. Blomberg saytında Federal Rezerv Sisteminin faizlərlə bağlı proqnozunu müəyyən edən bir platforma var ki, platformada  90% ekspertlər faiz artımını proqnoz edirlər. Çox gümanki, martın 15-də ilkin faiz artımları olacaq” – deyə ekspert bildirib.
Buna da bax: Natiq Cəfərli: “Əslində xalqa qaz pulsuz verilməlidi” – [Video]
N.Cəfərlinin sözlərinə görə, indiki halda ekspertləri ən çox maraqlandıran məsələ faiz artımının il ərzində neçə dəfə baş verə biləcəyidir.
“İlkin açıqlamada il ərzində 3 dəfə faiz artımı ola biləcəyi ehtimalı yazılmışdı, amma artıq 4-cü faiz artımının olması ehtimalının da yüksək olduğu haqqında fikirlər səsləndirilir. FED hər iki toplantıdan bir faiz artımına getsə, il ərzində dünyada dollar indeksinin kifayət qədər bahalaşdırılacağını proqnozlaşdırmaq mümkündür” – deyə iqtisadçı ekspert bildirib.
Natiq Cəfərli deyir ki, FED il ərzində 3 dəfə yox, 4 dəfə faiz artımına getsə ilin sonun kimi dolların 2 manatı keçəcəyini proqnozlaşdırmaq olur.
“Yaxın günlərdə dolların 1.90 – 1.92 olacağı gözlənilir. Əgər FED il ərzində 3 dəfə yox, 4 dəfə faiz artımına getsə ilin sonun kimi dolların 2 manatı keçəcəyini proqnozlaşdırmaq olur” – deyə N.Cəfərli bildirib.
Buna da bax: Natiq Cəfərli həbsdən manatla bağlı yazıb
Natiq Cəfərlinin sözlərinə görə, faiz artımı Azərbaycana da təsirsiz ötüşməyəcək. Ekspert deyir ki, əgər həqiqətən martda faiz artımı olsa, bu bütün dünya ölkələrinin valyutalarına öz təsirini göstərəcək.
“Təbii ki, dollar bahalaşdıqdan sonra, Azərbaycana da təsirsiz ötüşməyəcək.Manatın ucuzlaşması sürətlənə bilər. Onsuz da manatdın getdikcə dəyərdən düşəcəyi gözləniləndir. Çünki bəlli problemləri var, valyuta axını azalıb, idxaldan asılılığımızda kifayət qədər yüksək səviyyədədir və hələki heç bir ciddi irəlləyiş yoxdur bu məsələlərlə bağlı. Bizdə bir bayram problemi də var. Təxminən 9 gün iş günü olmayacaq və ola bilər ki, bayramın son iş günlərində manatın kəskin dəyərdən düşməsinin şahidi olaq. İl ərzində biz manatın rekord hədə düşdüyünün .şahidi olmuşduq və ola bilər ki, yenidən biz bunu müşahidə edək” – deyə iqtisad,; ekspert bildirib.
N.Cəfərlinin sözlərinə görə, bayram günlərində ajiotaj yarana bilər.
“Bayram günlərində bir ajotaj yarana bilər. Banklar və Mərkəzi Bank bunu nəzərə almalıdır. Əgər bayram günü banklar fəaliyyətdə olmasa, bu qara bazarın çiçəklənməsinə gətirib çıxara bilər” – deyə ekspert bildirib.