Neft tələbatında artım yavaşlayacaq

Qlobal bazarda neftə olan tələbatın gündəlik artımı 2016-cı ildəki 1,6 mln. bareldən 2017-ci ildə 1,4 mln. barelə kimi geriləyəcək. “Report” xəbər verir ki, bu barədə Beynəlxalq Energetika Agentliyinin (IEA) sonuncu aylıq proqnoz hesabatında bildirilib. 
IEA-nın proqnozlarına əsasən, 2017-ci ildə neftə tələbat Yaponiya, Almaniya, Cənubi Koreya və Hindistanda yavaşlayacaq. Agentlik həmçinin bildirib ki, OPEC və kartelə üzv olmayan ölkələrin hasilatı azaltmasına baxmayaraq, bazarda nəhəng neft ehtiyatları yaranıb. Anlaşmaya fevral ayında 98% əməl edilsə də, ehtiyatlar artmağa davam edib. İEA-nın proqnozlarına görə, OPEC üzvü olmayan ölkələrin gündəlik neft hasilatı 2017-ci ildə 400 min barel və ya 0,69% artaraq 58,1 mln. barel təşkil edəcək.
Qeyd edək ki, OPEC-in dünənki hesabatına əsasən, Səudiyyə Ərəbistanı gündəlik neft hasilatını 263 min barel artıraraq 10 mln. barel/gün səviyyəsini üstələyib. Lakin buna baxmayaraq, bu ölkə hələ də öz öhdəliyinə əməl edir.