Paris Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü təşkil etməyə hazırdır

Paris Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan arasında danışıqlar üçün görüş təşkil etməyə hazırdır. Bu barədə Fransa XİN rəhbəri Jan-Mark Ero bildirib. 
“Fransa Rusiya və ABŞ-la birlikdə ATƏT-in Minsk Qrupunun həmsədridir və Ermənistan və Azərbaycan arasında münaqişənin dinc yolla həllinə çalışır. Mən prezident Fransua Ollandın hər iki ölkənin liderləri ilə görüşündə (martda) iştirak etmişəm. Olland Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım etməyə hazır olduğunu bir daha bəyan edib”, – deyə Azərtac J-M.Erodan sitat gətirir.
Onun sözlərinə görə, münaqişə dinc yolla həll olunmalıdır.
“Tərəflər danışıqlar aparmaq istəyirlərsə və sülh müqaviləsi imzalamağa hazırdırlarsa, Fransa belə bir görüş təşkil etməyə hazırdır. Mövcud status-kvo vəziyyəti çətinləşdirir, amma münaqişə diplomatiyasının yolu ilə həll olunmalıdır.
Münaqişə həll olunana qədər Fransa vasitəçi rolunu yerinə yetirməyə hazırdır”, deyə XİN başçısı qeyd edib.