Putin Rusiyadakı etirazları “Maydan” və “Ərəb baharı” ilə müqaisə edib

Rusiya prezidenti Vladimir Putin martın 26-da ölkədə keçirilən etiraz aksiyalarını Ukraynadakı “Avromaydan” və “Ərəb baharı” ilə müqayisə edib.
RİA Novostinin məlumatına görə, Putin bunu Arxangelsdə keçirilən Arktika forumunda çıxış edərkən deyib.
O bildirib ki, bu cür icazəsiz aksiyalar Ukrayna və bir sıra ərəb ölkələrində dövlət çevirilişləri, xaosla nəticələndi.
Putin qeyd edib ki, korrupsiya məsələsi ictimaiyyətin diqqət mərkəzində olmalıdır, amma seçkiqabağı bundan siyasi arenada istifadə olunmamalıdır.
Putin deyib ki, aksiya keçirərkən qanundan kənara çıxanlar qanunvericilik əsasında cəzalandırılmalıdırlar.
Martın 26-da paytaxt Moskva da daxil olmaqla Rusiyanın bir sıra şəhərlərində korrupsiya əleyhinə aksiyalar keçirildi.
Aksiyaları müxalifət fəalı Aleksei Navalny-nin rəhbərlik etdiyi korrupsiyaya əleyhinə mübarizə fondu təşkil edib.
Bu aksiyalar zamanı Navalny da daxil olmaqla mindən çox adam saxlanmışdı.
Hazırda Navalnı icazəsiz aksiyaya görə 15 sutkalıq həbs cəzası çəkir.
Qeyd edək ki, Navalny hələ bundan xeyli əvvəl qarşıdan gələn prezident seçkisində mübarizə aparmaq istədiyini bəyan edib.