“Rabitə işi”ndə təqsirləndirilən şəxslərdən biri məhkəməyə xərəkdə gətirilib

Bu gün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam edib.
Abzas.net xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesə təqsirləndirilən şəxslərdən Bayram Vəliyev məhkəmə zalına Penitensiar Xidmətin əməkdaşları tərəfindən xərəkdə gətirilib.
Məhkəmədə ona vəkillərinin yanında xüsusi yer hazırlanıb. O, məhkəməni xərəkdə uzanaraq dinləyib. Bildirilib ki, B.Vəliyevin bel fəqərəsində 18 mm yırtıq (qrija) yaranıb. O, otura və gəzə bilmir.
Hakimlərin zala daxil olmasından sonra prosesdə sənədlərin tədqiqi mərhələsi davam edib.
Məhkəmədə 401-cildən sənədlər elan edilib. Prosesdə 530 cildin hamısı elan edilib.
Daha sonra Bayram Vəliyevin vəkili vəsatətlə çıxış edib. O bildirib ki, müvəkkilinin hərəkəti məhdudlaşıb: “Artıq həmin yırtıq onun sinir toxumalarına toxunub. O, təcili əməliyyat olunmalıdır. Sizdən xahiş edirik, buna icazə verin. Onun yatdığı Müalicə Müəssisəsində cərahiyyə əməliyyatı keçirilmir. Ona icazə verin mülki xəstəxanada əməliyyat keçirsin”.
Təqsirləndirilən şəxslərin hər biri bu vəsatəti dəstəkləyib.
Prokuror Fərid Nağıyevdə vəsatətə etirazı olmadığını bildirib, lakin bu məsələnin məhkəmənin səlahiyyətlərinə aid olmadığını qeyd edib.
Vidadi Zeynalov da çıxış edib. O bidlirib ki, Bayram Vəliyevin ev dustaqlığına buraxılmasını istəyir: “Bu adamın Rabitə Nazirliyinə heç bir dəxli yoxdu. Özünün MMC-si olmayıb. Əgər imkan varsa, Bayramı evə buraxın müayinə olunsun, əməliyyatını keçirsin”.
Hakim bildirib ki, bu, məhkəmənin səlahiyyətində deyil: “Bu, Müalicə Müəssisəsinin səlahiyyətindədir. Ona görə də, vəsatət təmin olunmur. Bu, bizdən kənar məsələdir. Sabah onlar rəy versə ki, məhkəməyə gətirilməsi mümkün olmayacaq, o, zaman biz bunu müzakirə edəcik”.
Bayram Vəliyev buna kəskin etiraz edib: “Mən nə MTN-çi nədə Rabitəçiyəm. Xahiş edirəm məsələni həll edin. İnsanlığınız olsun. Mənə ev dustaqlığı lazım deyil, əməliyyat lazımdır. Neyniyim özümü kəsim doğruyum? 1-cə gün lazımdır ki, mənim hissimi götürsünlər durum ayağa. Orda deyirəm deyirlər məhkəmənin işidir, siz də deyirsiz ki, onların işidir”.
“Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-in baş mühasibi Səhrab Hümbətovun vəkili işlə bağlı əlavə şahidlərin dindirilməsini istəyib.
Hakimlər yerində müşavirə edərək vəsatəti təmin etməyib.
Məhkəmə prosesi martın 17-ə təyin edilib.
Qeyd edək ki, Baş Prokurorluq tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Ana Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.
Bununla yanaşı, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdəç olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.
İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərova, “Azərpoçt” MMC-nin baş direktoru Qəmbər Bəybalayevə və “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova həmin məcəllənin 179.3.2 və 308.2-ci, MMC-nin baş mühasibi Səhrab Hümbətova isə 179.3.2, 308.2 və 313-cü maddələrdə nəzərdə tutulan ittiham elan edilməklə barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin (BTRİB) Nizami telefon qovşağının sabiq rəisi F.Seyidov və həmin birliyin baş mühasibi R.Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hər iki şəxsə şərti cəza təyin edilib və onlar məhkəmə zalından azadlığa buraxılıb.