Rasim Əliyevin ölümündə təqsirləndirilənlərin məhkəməsi təxirə salınıb

Bu gün Bakı Apellyasiya Məhkəməsində jurnalist Rasim Əliyevin öldürülməsi ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verilən apellyasiya şikayətinə baxılıb.
Abzas.net xəbər verir ki, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Kənan Mədətovun vəkili Şəmsəddin Quliyev məhkəmə prosesindən iştirak etməyib. Kənan Mədətov müdafiəçisi olmadan işə baxılmasını istəməyib.
Məhkəmə prosesi martın 29-u saat 15:00-a təxirə salıb.
Xatırladaq ki, Rasim Əliyev 2015-ci il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb və 9-na keçən gecə xəstəxanada dünyasını dəyişib. Jurnalistin ölümü ilə əlaqədar 6 nəfər həbs olunub. Onlardan beşi – Elşən İsmayılov, Arif Əliyev, Camal Məmmədov, Kənan Mədətov və Samir Mustafayev CM-nin 126.3-cü (qəsdən bədənə ağır xəsarət yetirmə – ölümə səbəb olduqda) maddəsilə təqsirli bilinərək, 9 ildən 13 ilə qədər azadlıqdan məhrum edilib.
“Qəbələ” futbol klubunun keçmiş kapitanı Cavid Hüseynovun işi isə istintaqın sonunda ayrılıb və o, Səbail rayon Məhkəməsinin hökmü ilə CM-nin 307-ci (cinayəti bilib xəbər verməmə) maddəsilə 4 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi 12 oktyabr 2016-cı il tarixli hökmü ilə C.Hüseynovun həbsdə qaldığı 1 il 2 ay müddəti yetərli hesab edərək, futbolçunu cəzanın çəkilməmiş hissəsindən azad edib.