Tələbə: “Təhsil Nazirliyi korrupsiyaya bulaşmış BDU ilə bacar bilmir”

Bakı Dövlət Universitetinin İlahiyyat Fakültəsinin 4-cü kurs tələbəsi Zəka Mirağayev rüşvət hallarının araşdırılmaması ilə bağlı mətbuata müraciət ünvanlayıb.
Abzas.net xəbər verir ki, Z.Mirağayev tələb edirk ki, rüşvət halları ilə bağlı ciddi araşdırma aparılsın. O deyir ki, yaxın günlərdə mətbuatda BDU-nun İlahiyyat fakültəsində dekan müavini Nigar İsmayılzadə haqqında rüşvətlə bağlı məlumatlar yayıldı. Dekan müavininin bu əməlləri ilə bağlı Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyevaya da müraciət edib.
“Hətta Heydər Əliyev fondunun səlahiyyətli nümayəndəsinin qəbulunda da oldum. Bunun nəticəsi olaraq bu günə kimi BDU-da heç bir araşdırılma aparılmadı. Hətta BDU rəhbərliyi rektor Abel Məhərrəmov, prorektorlar Sani Hacıyev, İsmayıl Əliyev və İradə Əliyeva tam əksinə olaraq Nigar İsmayılzadənin tərəfini tutdular, hətta məni məhkəməyə verməyə qədər təhdid etdilər. Mən də dedim ki, buyurun məhkəmədə görüşərik”, – deyə tələbə müraciətində bildirib.
Zəka Mirağayev deyir ki, şikayəti ilə bağlı BDU-da heç bir araşdırma edilməyib. Buna görə o, fevralın 22-də yenidən vitse-prezident Mehriban Əliyevaya, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə və Təhsil Nazirliyinə müraciət edib:
Təhsil Nazirliyi və Daxili İşlər Nazirliyi məsələni araşdırmır? 
“Çünki, Təhsil Nazirliyi və Korrupsiya İdarəsinin BDU ilə bacara bilmədiyini əvvəlcədən bilirdim. Ona görə ki, BDU rəhbərliyi artıq mütəşəkkil şəkildə rüşvət məsələlərini həll etdiyindən, əlavə olaraq da DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etməli oldum. Amma, hələ ki, heç bir müsbət araşdırma yoxdur. Nəticə olaraq, Təhsil Nazirliyindən mənə zəng edib, BDU-da rektorun qəbuluna getməyimi söyləyirlər”.
Z.Mirağayev Təhsil Nazirliyi ilə bağlı da narazılığını bildirib. O, nazirliyin məsələyə biganə qaldığını, Nigar İsmayılzadə haqqında ittihamları araşdırmadığını deyib.
Tələbə Təhsil Nazirliyi ilə danışan zaman onlara niyə araşdırmadıqlarını bir neçə dəfə sual edəndə nazirlikdən telefon dəstəyini yerə qoyduqlarını bildirib: “Buradan da bu nəticəyə gələ bilirik ki, Təhsil Nazirliyi korrupsiyaya bulaşmış BDU ilə bacar bilmir”.
Zəka Mirağayev müraciətində qeyd edir ki, BDU İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadə, Azərbaycanın Yaponiyadakı səfiri Gürsəl İsmayılzadənin bacısıdır. Tələbə deyib ki, dekan Vasim Məmmədəliyev isə müavini N.İsmayılzadənin bu əməllərinə göz yumur və BDU rəhbərliyi ilə eyni mövqeni tutur.
Mövzunu davam etdirəcəyik.