Trump: “ABŞ yenidən müharibələrdə zəfər çalacaq”

Müdafiə xərclərinin artırılması yenidən ABŞ ordusuna müharibələrdə qələbə qazanmaq imkanı yaradacaq.
APA-nın verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Trump Virciniya ştatında dənizçilər qarşısında çıxışı zamanı deyib.
Məlumata görə, Trump  inşası 13 mlrd. dollara başa gələn, donanmanın istifadəsinə verilməsi gözlənilən “Gerald Ford” aviadaşıyıcı gəminin göyərtəsində çıxış edib.
Prezident dənizçilərə Konqresdən müdafiə xərclərinin 54 mlrd. dollar artırılmasını xahiş etdiyini bildirib.  Trump qeyd edib ki, müdafiə xərclərini artırmaqla Vaşinqton hərbi planlaşdırmanı xeyli asanlaşdırmaq niyyətindədir. Onun sözlərinə görə, bu yolla ordu ən yaxşı texnika ilə təchiz ediləcək.
“Biz müharibənin qarşısını almaq, lazım gəldikdə isə, müharibə aparmaq üçün sizi bütün lazımi vasitələrlə təmin edəcəyik. Biz bu vasitələri sizə bir məqsəd üçün verəcəyik – zəfər çalmaq üçün! Biz yenidən müharibələrdə zəfər çalmağa başlamaq niyyətindəyik”, – deyə Trump qeyd edib.