Türkiyəli deputat: “Azərbaycanı alqışlayaq, bizə gələcəyimizi göstərdi”

Türkiyənin ana müxalifət partiyası CHP-nin məşhur simalarından biri, millət vəkili Muharrem Ince Anayasa dəyişikliyi referendumu ilə bağlı Balıkəsirdə keçirdiyi görüşdə vətəndaşlardan “xeyr” səsi istəyib. O, Azərbaycana da Türkiyədə gələcəkdə olacaqları göstərdiyi üçün təşəkkür edib.
Universiteti Balıkəsirdə oxuduğu və Balıkəsirdən evləndiyi üçün “Balıkesir övladı” və “kürəkən” deyə qarşılanan İncə “bu gün burada niyə “xeyr” deyəcəyimizi qısaca izah edim” söyləyib:
“Birincisi, adından utandılar. “Başkanlıq” dedilər, anket sorğusu keçirdilər, baxdılar ki, millət istəmir, o zaman adını dəyişdirərək “prezident sistemi” dedilər. İkincisi, biz dedik ki, “rejim dəyişir”, dedilər “yox, sistem dəyişir”. “Rejim” və “sistem” fransız sözləridir. İkisi də eynidir. Türk Dil Qurumunun lüğətinə baxın, rejim ilə sistem eynidir.
Muharrem Ince çıxışına bu sözlərlə davam edib: “Referendumda “bəli” deyənlər kimdir? “Bəli” deyənlər eynilə bizim kimi bu məmləkətin övladıdır. “Xeyr” deyənlər kimdir? Bu məmləkətin övladlarıdır. Meydanlara çıxıb “’xeyr” deyənlərə “terrorist” deyirlər, eləmi? İndi sizdən soruşuram, siz PKK-lımısınız? Siz FETÖ-çumusunuz? Siz İŞİD-çimisiniz? Siz terrorçumusunuz? “Bəli” deyənlər də terrorçu deyil, “xeyr” deyənlər də terrorçu deyil. Amma “xeyr” deyənlərə “terrorçu”’ deyənlər tərbiyəsizdir.”
Dəyişikliklə gətirilmək istənən sistemə diqqət çəkən Muharrem Ince sözlərinə belə davam edib:
“Sandığa getdiyinizdə ağlınıza nə gəlsin, bilirsinizmi? Azərbaycan gəlsin. Azərbaycanda nə oldu? Söz vermiş gəlinbacıya, yazdı sərəncamı, “prezidentin birinci müavini etdim səni” dedi. Qısqananlar çatlasın. Eynisi Türkiyədə bizim başımıza da gələ bilər. Azərbaycan bizim gerçək dostumuz, nə zaman başımız dara düşsə, bizə yardımçı olur. Qurtuluş savaşında da elə idi, indi də bizə gələcəyimizi göstərdi. Azərbaycana böyük bir alqış göndərək. ”