Türkiyənin cənubunda Suriya hərbi təyyarəsi qəzaya uğrayıb

Türkiyənin baş naziri Binəli Yıldırım ölkənin cənubundakı Hatay əyalətində Suriya Hərbi-Hava Qüvvələrinə məxsus döyüş təyyarəsinin qəzaya uğradığını təsdiqləyib.
APA-nın verdiyi xəbərə görə, Türkiyənin axtarış-xilasetmə qurumlarının əməkdaşları artıq qəzaya uğramış təyyarənin qalıqlarını aşkarlayıblar. Təyyarənin göyərtəsində pilotun olmadığı qeyd edilir. Pilotun axtarışları davam etdirilir.
Qeyd edək ki, bundan əvvəl “Əhrar aş-Şam” qruplaşmasının silahlıları Suriyanın şimal-qərbində “MİQ-21” tipli təyyarə vurduqlarını bəyan ediblər. Pilotun katapultə olunaraq, Türkiyə ərazinə endiyi bildirilib.
Türkiyə tərəfi qəzaya uğrayan təyyarənin “MİQ-23” olduğunu bildirir.
“Əl Masdar” nəşri hərbi mənbəyə istinadən bildirib ki, Suriya hərbi komandanlığı İdlib əyalətində aşağı hündürlükdən uçan  Hərbi-Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi ilə əlaqəni itirib.
Lakin mənbə, terrorçuların iddiasını rədd edərək,  təyyarənin texniki nasazlıq səbəbindən qəzaya uğradığını qeyd edib. Pilot katapultə olunaraq, Türkiyə ərazinə enməyə müvəffəq olub.