Əfv komissiyasından İlkin Rüstəmzadəyə məktub gəlib, bildiriblər ki…

“Bu gün mənə Prezident yanında Əfv Komissiyasından bildiriş gəlib. Bildirişdə yazıblar ki, törətdiyin cinayət ağırdır, cəmiyyətə yararsızsan”…

Bu sözləri NİDA Vətəndaş Hərəkatının həbsdəki üzvü İlkin Rüstəmzadə bu gün, aprelin 7-də telefonla bacısına bildirib.

“Hüquq müdafiəçiləri İlkin Rüstəmzadə ilə bağlı prezidentə müraciət etmişdilər. İlkin Rüstəmzadə deyir ki, yəqin ki, bunun cavabıdır”, gənc fəalın bacısı Türkan Rüstəmzadə deyib.

Onun sözlərinə görə, İ.Rüstəmzadə hesab edir ki, bu yəqin təzə “islahat növüdür”.

“Həbsdəki vicdan məhbuslarına cəmiyyətə yararsız olmaları ilə bağlı bildiriş göndərirlər. Çünki, indiyə qədər heç bir məhbusa belə bildiriş göndərməyiblər”, o qeyd edib.

Prezident yanında Əfv Komissiyasından məsələyə, hələlik münasibət almaq mümkün olmayıb.

İ.Rüstəmzadə 2013-cü ilin mayında Baş Prokurorluğun təqdimatı əsasında həbs olunub.

Ona Azərbaycan CM-in 221.2.1 (bir neçə şəxsdən ibarət qrupun tərkibində törədilmiş xuliqanlıq), 221.2.2-ci (ictimai asayişin pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə müqavimət göstərməklə törədilmiş xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.

İstintaq hesab edir ki, İ.Rüstəmzadə Bakı bulvarında «Harlem Shake» rəqs fleşmobu təşkil edərkən xuliqanlığa yol verib. Fleşmob YouTube-də də yerləşdirilib.

Sonradan İ.Rüstəmzadə və daha yeddi fəala kütləvi iğtişaşların təşkili ittihamı irəli sürülüb və o, 8 il azadlıqdan məhrum edilib. Lakin onunla birlikdə həbs edilmiş gənclər çoxdan azadlıqdadır.

«Amnesty International» İ.Rüstəmzadəni vicdan məhbusu kimi tanıyıb.