Əli İnsanov: “Səsimi yazmasından şübhələndim, sonradan aydın oldu ki…”

Keçmiş səhiyyə naziri Əli İnsanovun 11 illik həbsdən çıxmasına 56 gün qalmış başlanan cinayət işi üzrə də məhkəmə başa çatmaq üzrədir.
Aprelin 19-da Qaradağ Rayon Məhkəməsində hakim Rəşad Mustafayev bu iş üzrə məhkəmə istintaqının yekunlaşdığını elan edib. Prokurora çıxışa hazırlaşmaqdan ötrü bir həftə vaxt verilib. Aprelin 26-da prokuror Əli İnsanova cəza istəyəcək.
Bundan əvvəl isə məhkəmədə Əli İnsanovun özü və müdafiəçiləri bir sıra vəsatətlər qaldırıblar.
“Azadlıq Radiosu”-nun məlumatına görə, keçmiş nazir bir daha bildirib ki, onun yorğanının arasından psixotrop tərkibli dərmanlar tapılması barədə ittiham yalan və saxtadır: “Yazıblar ki, guya göy rəngli dərmanlar tapıblar. Halbuki, o dərmanlar rəngli olmur. Guya içindən dərman tapılmış şüşə qabın ekspertizaya göndərilməsi, üzərində mənim əl izlərimin olub-olmadığının müəyyənləşdirilməsi üçün dəfələrlə vəsatət qaldırdıq. Amma eləmədilər. Çünki başdan-ayağa yalan və saxtadı”.
İnsanovun vəkili Toğrul Babayev keçmiş nazirin vurub kəllə-beyin travması yetirdiyi iddia olunan mayor Anar Məmmədovdan soruşub ki, özünün də dediyi kimi, hadisədən sonra 30-35 gün xəstəxanada müalicə alıbsa, prokurorluqda nə vaxt ifadə verib?
Anar Məmmədov bildirib ki, hadisədən iki gün sonra onu prokurorluğa ifadə verməyə aparıb, sonra da qaytarıb gətiriblər: “Kəllə-beyin travması almışdım. O demək deyil ki, əl-ayağım da yox idi”.
Əli İnsanov Anar Məmmədovu vurması və nəticədə kəllə-beyin travması alması barədə ittihamın yalan olduğunu söyləyib: “İşin içində Anar Məmmədova aid kompüter tomoqrafiyasının nəticəsi yoxdur. Kəllə-beyin travması məsələsini də özlərindən yazıblar. Çünki heç bir vurulmadan, kəllə-beyin travmasından söhbət gedə bilməz. Olmayıb belə şey. Ona görə də heç bir sualıma cavab verə bilmirlər”.
Əli İnsanovun vəkili Ağaveyis Şahverdi bildirib ki, keçmiş nazirin cırdığı iddia olunan protokol da maddi sübut sayılsa da, iş materialları arasında yoxdur. Vəkil eyni zamanda, yolverilməz sübutların xaric olunması haqda vəsatət qaldırıb və bunu həmin sübutların əsassız, qanunsuz olmasıyla izah edib. Bildirib ki, iş materiallarına görə cəzaçəkmə müəssisəsində axtarış aparılıb dərmanlar tapıldığı iddia olunan vaxt Əli İnsanovun özü ilə yanaşı, vəkili də müəssisədə, onunla görüşdə olub. Amma baxış və protokolun tərtibi zamanı onların heç birini dəvət eləməyiblər: “Yaxud ekspert rəyində iddia olunur ki, Əli İnsanovun paltarında Anar Məmmədovun paltarına aid lif aşkarlanıb. Halbuki, həmin paltarlar o hadisədən sonra geyinilib. Evdən gələn paltarlarda Anar Məmmədovun paltarına aid liflər necə ola bilərdi?”
Vəkilin sübutlar siyahısından çıxarılmasını istədiyi sənədlər sırasında ekspert rəyi də var: “Biz ekspert qarşısında sual qoymuşduq ki, Anar Məmmədov poqonunu özü cıra bilərdimi? Amma ekspert suala cavab verə bilmədi”.
Ağaveyis Şahverdinin vəsatəti təmin olunmayıb.
“Mən Anar Məmmədovu görəndə cibi içəri qatlanmışdı. Şübhələndim ki, nə isə qoyub, səsimi yazır. Sonradan aydın oldu ki, məsələ nə yerdədi”, – bunu isə Əli İnsanov deyib.
Keçmiş nazir zərərçəkən mayor Anar Məmmədovun anlaqlı olub-olmaması, aldığını iddia etdiyi xəsarətlərin təsirinin qalıb-qalmaması haqda da vəsatət qaldırıb.
Bu vəsatət də təmin olunmayıb.
Bundan sonra hakim məhkəmə istintaqının başa çatdığını elan edib.
Keçmiş nazirin məhkəməsi aprelin 26-da davam edəcək.