Əli İnsanova 7 il 5 gün həbs cəzası verildi

Keçmiş səhiyyə naziri Əli İnsanov üzərində ikinci məhkəmə prosesində qərar verildi.
Abzas.net xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində keçirilən iclasda prokuror çıxış edib və Əli İnsanova 8 il 9 gün azadlıqdan məhrumetmə cəzasının verilməsini istəyib.
Məhkəmə heyəti Əli İnsanova 7 il 5 gün həbs cəzası verib.
Keçmiş nazirin vəkili Toğrul Babayev hökmdən apelyasiya şikayəti verəcəklərini deyib.
Əli İnsanov 2005-ci il oktyabrın 19-da dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Amma sonradan cinayət işi iqtisadi cinayətlərə dair ittihamlarla məhkəməyə gedib və ona 11 il həbs cəzası kəsilib. Həbs müddətinin bitməsinə iki ay qalmış – 2016-cı ilin avqustunda ona yeni cinayət işi açılıb. Keçmiş nazirə CM-in 234.1-ci (narkotik və ya psixotrop maddələr əldəetmə, saxlama), 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiqetmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması) maddələri ilə ittiham irəli sürülüb.