2017-ci ildə Azərbaycan 19 hərbçisini itirib

2017-ci ilin ötən müddətində Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda ən azı 19 hərbi qulluqçu dünyasını dəyişib.
Dünyasını dəyişənlərin 12 nəfəri döyüş, 7 nəfəri isə qeyri döyüş itkisidir. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutu məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Silahlı Qüvvələrin 12 hərbi qulluqçusu cəbhə xəttində Ermənistan tərəfinin açdığı atəş nəticəsində həlak olub. Bundan başqa 2 hərbçi xəstəlik nəticəsində, 2 nəfərin intihar etdiyi, 2 nəfərin isə bədbəxt hadisədən (qar uçqunu və tank altında qalma) dünyasını dəyişdiyi bildirilir. 1 nəfərsə əsgər yoldaşının açdığı atəş nəticəsində dünyasını dəyişib.
Ötən dövrdə ümumilikdə 2 hərbi qulluqçu yaralanıb (və ya xəsarət alıb). Həmin hərbçilər erməni gülləsindən yaralanıb.
Ötən dövrdə azı 1 dinc sakin həlak olub. Həmin şəxs mina partlayışında həyatını itirib. Ötən dövrdə bir nəfər Azərbaycan vətəndaşı erməni hərbçiləri tərəfindən əsir götürülüb.