ABŞ Əfqanıstana “bütün bombaların anasını” atıb

ABŞ hərbiyyəsi deyir ki, Əfqanıstanda özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın yaraqlıları tərəfindən istifadə olunan tunel kompleksinə 9,800 kq-lıq bomba atıb.
GBU-43/B (MOAB) bombası 9 metr uzunluğundadır və ona “bütün bombaların anası” adı verilib.
Bu ABŞ tərəfindən münaqişələr zamanı atılan ən böyük qeyri-nüvə bombasıdır.
Bu bomba ilk dəfə 2003-cü ildə sınaqdan keçirilib və döyüş şəraitində indiyədək tətbiq olunmayıb.
Pentaqon bildirib ki, bomba ABŞ təyyarəsindən Nəngəhar əyalətində atılıb.
Bu xəbər Pentaqonun Suriyada avia zərbə zamanı səhvən 18 üsyançının öldürülməsini etiraf etməsindən sonra yayılıb.
Qurum bildirib ki, tərəfdaşlıq qrupu səhvən hədəf yerini İD mövqesi kimi müəyyənləşdirib.
Nəticədə aprelin 11-də baş tutan hücum zamanı Vaşinqton tərəfindən dəstəklənən Suriya Demokratik Qüvvələri qrupuna aid üsyançılar öldürülüb.
Əfqanıstana edilən hücum isə ötən həftə Nəngəhar əyalətində döyüşən ABŞ xüsusi qüvvələrinin əsgərinin həlak olmasından sonra baş tutub.
GBU-43/B bombası cümə axşamı yerli vaxtla axşam saatlarında Achin rayonunda atılıb, Pentaqon bildirib.
Achin rayon qubernatoru Esmail Shinwari BBC-ə bildirib ki, bombanın atıldığı ərazidə yaşayış olmadığı üçün mülki əhali arasında itki olmayıb.
ABŞ hadisənin nəticələri barədə detallı məlumatı təsdiqləməyib.
Amma yerli rəsmi BBC-ə bir çox İD yaraqlısının öldüyünü və onların arasında qrupun yüksək vəzifəli liderinin qardaşı olduğunu iddia edib.
ABŞ Prezidenti Donald Trump baş verənləri “daha bir uğurlu iş” adlandırıb.
İD 2015-ci il yanvarında Xorasan (Əfqanıstan və ətraf rayonlarının köhnə adı) filialının yaradılmasını elan edib. Bununla qrup ilk dəfə Ərəb dünyasından kənarda yayılmasını rəsmi təsdiq edib.