ABŞ gəmisi İran gəmisinə xəbərdarlıq fişəngi atıb

“The Guardian” yazır ki, ABŞ Hərbi Dəniz Donanmasının idarə olunan raketlərlə silahlı eskadra minadaşıyan gəmisi Fars körfəzində ona yaxınlaşan İran İnqilab Keşikçilərinin katerinə xəbərdarlıq fişəngi atıb.
Bu, iki ölkənin hərbi gəmiləri arasında daha bir gərgin qarşıdurma sayıla bilər.
Məqalədə deyilir ki, insident bazar ertəsi baş verib. İnqilab keşikçilərinin kateri ABŞ-ın Mahan gəmisi kursunu dəyişmək istəyərkən ona yaxınlaşmaqda davam edib.
Bu barədə məlumatı ABŞ-ın Bəhreyndə mənzillənmiş Beşinci Donanmasının sözçüsü leytenant Ian McConnaughey verib.
McConnaughey deyib ki, “Mahan İran gəmisi ilə kommunikasiya üçün bir neçə dəfə göyərtədən göyərtəyə radio əlaqəsinə girməyə cəhd göstərib. Bundan sonra ABŞ hərbi gəmisi beynəlxalq işarə sistemi ilə beş dəfə xəbərdarlıq fiti verib və bunun ardınca xəbərdarlıq fişəngi atılıb.
Məlumatda deyilir ki, İran kateri ABŞ gəmisinin min metrliyinədək gəlib və yalnız xəbərdarlıq fişəngindən sonra geriyə dönərək uzaqlaşıb.
“The Guardian” yazır ki, Tehran insident barədə heç bir rəsmi açıqlama verməsə də, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif tvitterdə belə bir post yazıb:
“Təcili xəbər: Bizim donanma fəaliyyət göstərir. Harada? Doğrudur, Fars körfəzində. Meksika körfəzində yox ha! Sual: ABŞ donanması öz vətənindən 12 min kilometr uzaqda nə edir?”
“The Guardian” yazır ki, ABŞ və İranın hərbi gəmiləri arasında Fars körfəzində və Hörmüz boğazında ara-sıra gərgin qarşılaşmalar yaşanır. Dünya neft ticarətinin üçdə biri məhz Hörmüz boğazından keçən gəmilərlə aparılır.
İran bu sularda Amerika gəmilərinin üzməsinə təxribat kimi baxır və məhz buna görə də İnqliab keşikçiləri hər dəfə bu gəmiləri üzləyirlər.
Bir sıra hallarda İran gəmiləri də xəbərdarlıq atəşi açır.
Burası da var ki, dünya gücləri ilə nüvə sazişi imzalanandan bəri sərt xətt-hərəkət tərəfdarı olan İran İslam Keşikçiləri Korpusu katerlərinin ABŞ dənizçiləri ilə qarşılaşmalarının sayı artıb.
ABŞ donanmasının məlumatına görə 2016-cı ildə İran gəmilərinin “təhlükəli və qeyri-peşəkar” hərəkəti nəticəsində 35 insident yaşanıb.
2015-ci ildə belə qarşıdurma hallarının sayı 23 idi.
McConnaughey-in sözlərinə görə, bu ilin başlanğıcından belə insidentlərdən 7-si baş verib.
Bu insidentlərdən ən gərgini ötən il baş vermişdi. O zaman İran dəniz qüvvələri 10 ABŞ dənizçisini əsir götürmüşdülər.
O vaxt ABŞ kateri yolu azaraq İranın ərazi sularına daxil olmuşdu.
İranlılar amerikalıları bir gecə saxladıqdan sonra sərbəst buraxmışdılar.