Ali Məhkəmə Bayram Məmmədovun şikayətinə baxacaq

NİDA Hərəkatının fəalı, həbsdə olan Bayram Məmmədovun işi ilə bağlı Azərbaycan Ali Məhkəməsinə kassasiya şikayəti verilib.
Bu barədə vəkil Elçin Sadıqov bildirib.
İşə Ali Məhkəmənin hakimi Fərhad Kərimovun sədrliyilə baxılacaq. Amma hələ ki məhkəmənin keçirilmə vaxtı məlum deyil.
E.Sadıqov bildirib ki, B.Məmmədova bəraət verilməsi xahiş edilir və onun pozulmuş  hüquqlarının tanınması istənilir. “Biz hesab edirik ki, B.Məmmədovun Avropa İnsan Hüquqları Konvensiyasının  3 (işgəncələrə qadağa),  5 (azadlıq və şəxsi toxunulmazlıq hüququ), 6 (ədalətli məhkəmə çəkişməsi),  8 (şəxsi və ailə həyatına hörmət edilməsi hüququ), 10 (ifadə azadlığı) və 18-ci (hüquqlarla  bağlı məhdudiyyətlərdən istifadəmim hədləri)  maddələrində nəzərdə tutulan hüquqları pozulub.
B.Məmmədov 2016-cı il mayın 10 -da saxlanılıb, yalnız mayın 12-də məlum olub ki, B.Məmmədov digər bir siyasi fəal Qiyas İbrahimovla birgə Nərimanov Rayon Polis İdarəsi yanındakı müvəqqəti saxlanma yerində saxlanılır.
Mayın 12-də Daxili İşlər Nazirliyi B.Məmmədovun yaşadığı evdən 1 kiloqramdan çox heroin tapılması barədə məlumat yayıb. Xətai Rayon məhkəməsi isə B.Məmmədovun barəsində həbs qətiimkan tədbiri seçib. Gənclər saxlanarkən işgəncəyə məruz qalmaları haqda danışıblar, hakim bu faktların yoxlanması haqda qərardad çıxarıb. Amma DİN bu deyilənlərin təsdiqini tapmadığını bildirib. Bakı Ağır Cinayətlər Məhkəməsi B.Məmmədovun barəsində 10 il həbs qərarı çıxarıb.
B.Məmmədov  Heydər Əliyevin heykəlinin üzərinə “Qul bayramınız mübarək!”şüarı yazdığına görə həbs edildiyini bildirib.