AXCP sədri Əli Kərimli və 2 partiya funksoneri prokurorluğa çağırılıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və bir neçə partiya funksioneri prokurorluğa çağırılıb.  
Abzas.net xəbər verir ki, Əli Kərimlini 5-ci gün saat 10:30-da Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsinə dəvət ediblər.
Partiya sədri sosial şəbəkədə məlumat yayanda bildirib ki, çağırış barədə eşidəndə ilk ağlına gələn onun Panama sənədləri ilə bağlı Baş Prokurorluğa göndərdiyi sorğu olub:
“Baş Prokurorluğa sorğu göndərmişdim ki, Panama sənədləri ölkəmizdən milyardlarla dollar vəsaitin çıxarılaraq, ofşor hesablara, o cümlədən hakim ailənin üzvlərinə məxsus hesablara yerləşdirildiyini göstәrir. Ölkədən yalnız 10 il ərzində (2003-2013) 48 milyard dollar pulun ofşor hesablara daşınması haqda beynəlxalq hesabat yayılanda da Baş Prokurorluğa sorğu ilə müraciət etmişdim ki, bu nəhəng korrupsiya işləri araşdırılsın. Dərhal düşündüm ki, bəs niyə bu qədər gec maraqlanmağa başlayıblar mənim sorğularımla”.
Müxalifət lideri deyir ki, bu düşüncələrlə çağırış vərəqəsinə nəzər salıb, amma məlum olub ki, onun Baş Prokurorluğa göndərdiyim sorğuların araşdırılmasından söhbət getmir.
“Tam əksinə, prokurorluq bu dəfə də YAP rejiminin buyruqlarının yerinə yetirilməsi işinə girişib. Yadınızdadır, biz “Talana, korrupsiyaya, monarxiyaya yox!” tələbilə mitinq təşkil edəndə YAP-ın sözçülərindən olan Siyavuş Novruzov hüquq mühafizə orqanlarına bir təlimat vermişdi ki, Əli Kərimlinin özünü korrupsiya işinə cəlb etmək lazımdır. Bizi şərləmişdi ki, guya AXCP rəhbərliyi partiyanın üzvü olmayan şəxslərə üzvlük vəsiqələri verib.
Sonra da hüquq mühafizə orqanlarına çağırış etmişdi ki, bu işi araşdırsınlar. Biz təbii ki, bu açıqlamanı ciddiyə almamışdıq. Çünki mən və ətrafım yüzdə-yüz təmiz olmasaydıq bu korrupsioner rejimlə açıq mübarizədə bu qədər davam gətirə bilməzdik. Bizim hər addımımız izlənilir, böyür-başımızda bunların xəfiyyələri dolaşır. Bizim tək bir qanunsuz hərəkətimiz olsaydı, çoxdan ifşa edilәrdi”, – deyə Ə.Kərimli bildirib.
Partiya rəhbəri bildirib ki,AXCP rəhbərliyi tərəfindən partiyanın həqiqətən üzvü olmayan bircə nəfərə də üzvlük sənədləri verilməyib, tam əksinə, onların əvəzinə sənədlər, o cümlədən onun imzasını saxtalaşdıraraq sənədlər verilib:
“Partiyamızın fəalları bu saxtakarlığı ifşa edərək, həqiqi və saxta sənədlərin nümunələrini mətbuat və sosial şəbəkələrdə geniş yayıblar. Həmin fotolarda mənim imzamın saxtalaşdırıldığı o qədər aydın görünür ki, bu çılpaq həqiqəti görmək üçün nəinki ekspert, heç yüksək təhsilli olmaq da lazım deyil. Sadəcə adam olmaq yetər ki, bunlara baxıb, bizim adımızdan verilən sənədlərin saxta olduğunu biləsən”.
Ə.Kərimli deyir ki, prokurorluğun vəzifəsi YAP deputatının göstərişi ilə müxalifət liderini prokurorluğa çağırmaq yox, həmin saxtakarlığı etmiş şəxsləri tapmaq olmalıdır. 
Partiya sədri bildirib ki, eyni məsələ üzrə onun müavini Gözəl Bayramlını və AXCP Təşkilat Şöbəsinin müdüri Saqif Qurbanovu da prokurorluğa çağırıblar.