Azad İsazadə: “Bu, cəmiyyətdəki aqressiyanın üzə çıxmasıdır “

“İntiharların və qətllərin artması cəmiyyətdəki təcavüzkarlıq hisslərinin özünü göstərməsidir”. Psixoloq Azad İsazadə son vaxtlar mediada əksini tapan qətl və intiharlarla bağlı xəbərləri Turan-a şərh edərkən söyləyib.
Onun fikrincə, bunu fakt olaraq diqqətə almaq lazımdır. A.İsazadə hesab edir ki, intiharlar həmin aqressiyanın şəxsin özünə döndərməsi halıdır: “Bu da bir etirazdır. Şəxsin, fərdin “mən belə yaşaya bilmərəm” etirazıdır. Eləcə də son vaxtlar baş verən qətllər bunu göstərir. Sabirabadda 7 yaşlı uşağı atanın qətl etməsi, Bakıda iki gəncin qətli, bunları deməyə əsas verir. Amma bu, təkcə Azərbaycana bağlı məsələ deyil, yaxın ətrafda, o cümlədən Ukraynada, Yaxın Şərqdə baş verənlər bunun təsdiqidir”.
Psixoloq hesab edir ki, kimlərsə hansı mülahizələrdənsə buna əl atırlar, əlbəttə, qorxulu meyldir.
A.İsazadənin fikrincə, buna səbəb olan bir çox başqa amillər də var və sosial həyat, gündəlik məişət bu sıradadır.
Son günlərdə iki yazarın intiharına toxunan A.İsazadə deyir ki, bu intiharlar da həmin aqressiayadan törənən nəticədir.
Psixoloqa görə, belə halları tam aradan qaldırmaq mümkün deyil, amma psixoloji təsirlərlə onun sayını azaltmaq və ya minimuma endirmək olar. “Bunun üçün  bu intiharları, belə amansız qətlləri araşdıran mərkəzin qurulması vacibdir, çünki belə bir mərkəz olarsa həm dürüst statsitika əldə edilər, bu halların səbəbləri araşdırıla bilər, həm də bunu minimuma endirmək yolları tapılar. Üstəlik, müəssisələrdə psixoloji yardım mexanizmini işə slmaq lazımdır. Firkimcə, bu təxirəsalınmaz  məsələdir”, – A.İsazadə bildirib.