“Coğrafiya dərsliyi”ndəki bəzi hissələr çıxarılıb – yetərlidirmi? [ekspertlər]

Təhsil Nazirliyi tədris resurslarının idarə olunmasının məlumat sistemində 10c-u siniflər üçün yeni Coğrafiya dərsliyini müzakirəyə açıb. Dərslikdəki bəzi hissələr ictimai müzakirələr zamanı etirazla qarşılanıb. 
Abzas.net mövzu ilə bağlı ekspertlərin münasibətini və rəsmi qurumların mövqeyini öyrənib.  
“Dərsliklərdə dini təbliğatın aparılması həm Təhsil Haqqında Azərbaycan Respublikası qanununa, həm də AŞPA-nın 180 nömrəli qətnaməsinə ziddir”.
Bu sözləri saytımıza açıqlamasında ekspert, fizik Yalçın İslamzadə bildirib. Ekspertin sözlərinə görə, Təhsil Nazirliyinin sifarişi ilə hazırlanan bu dərsliklərdə həm də ciddi elmi səhvlər var.
“Bu dərsliklər Təhsil Nazirliyinin sifarişi ilə Bakı Nəşriyyat Evində hazırlanıb. Hazırlanan dərsliklər Təhsil Nazirliyinin rəsmi saytında müzakirəyə çıxarılır. Biz mətnlərlə tanış olanda ciddi şəkildə dini təbliğatın getdiyi, dərsliklərdə elmi səhvlərin olduğunu aşkar etdik. Xüsusən Coğrafiya fənnini qeyd edə bilərəm ki, burada həm dini təbliğat aparılır, şagirdlərdən Qurani Kərimdə surələrin oxunub təqdimat hazırlanmasın istəyir, həm də ciddi şəkildə elmi səhvlər var. Dərsliklərin bu formada hazırlanması həm Təhsil Haqqında qanuna, həm də də Avropa Parlamenti Şurasının tələblərinə ziddir” – deyə fizik Yalçın İslamzadə bildirib.
şəkil 1
Təhsil eksperti Kamran Əsədov isə bildirir ki, dərsliklər 2009-cu ildən sonra kurrikulum üsulu ilə hazırlanır. Burada standartlar var ki, onlardan biri də şagirdlərə dərsliklərdə əlavə məlumatların verilməsidir.
Ekspert deyir ki, bu günə qədər Azərbaycan orta ümumtəhsil məktəblərində tədris olunan kitablar sovet dövründən götürülmüş informasiya əsasında keçrilirdi. Bu dərsliklərdə müəyyən məsələlər var idi ki, təkamül nəzəriyyəsindən statlar gətirilərək keçirilirdi.
“Yaradılışın təkamül yolu ilə təbliği və informasiyası dərsliklərdə veriləsə də, Kurikulum standartlarında belə bir tələb də var ki, şagirdlərə həm də alternativ informasiya verilməlidir. Şagirdlərə göstərilir ki, burada təkcə bəşər cəmiyyətinin formalaşması təkamül nəzəriyyəsi ilə deyil, dünyada alternativ fikirlər də var. İndi şagirdlər özləri seçim etməlidirlər ki, hansı doğrudur, hansı yanlış. Bu günə qədər Tarix və Coğrafiya fənnlərində yalnız təkamül nəzəriyyəsinin irəli sürdüyü fikirlər mövcud idi. Biz İslam ölkəsiyik və İslam dinində də yaradılışla bağlı müəyyən ayələr var. Bu ayələr tələbələrə təqdim olunur. Bu dini təbliğat deyil”, – deyə ekspert Kamran Əsədov bildirib.
Kamran Əsədov
Təhsil eksperti deyir ki, bu məsələləri önə çıxardanlar dərsliklərin hazılanması ilə bağlı məğlub olunmuş tərəflərdilər, tərəflərin yaxınlarıdılar və məqsədləri də ondan ibarətdir ki, kifayət qədər yaxşı, yüksək səviyyədə hazırlanmış bu kitabları gözdən salsınlar.
Kamran Əsədovun sözlərinə görə, bu cür mənfi fikir irəli sürən şəxslərin Kurikulum standarlarından xəbərləri yoxdur. Onlar hələ də ənənəvi formada dərslik yazıldığını düşünürlər. Dərsliklər indi təkcə vahid mənbələrnən deyil həm də alternative mənbələrnən də hazırlanır.
“Azərbaycan 2016-cı ildə multikultiralizim ili elan edilmişdi, 2017-ci ildə isə, İslam ölkəsidir. Bundan əlavə bizim hər birimizin günlük həyatında islam dininin qayda qanunları təbliğ olunur. Do]ulandan ölənə qədər bizim bütün mərasimlərimiz İslam Dini qaydaları ilə həyata keçirilir. Hətta cənab prezidentimiz də prezident seçildikdən sonra Qurani Kərimə and içmişdi. Yəni bu kitablarda hətta dini nələrsə olsa belə, bu pis bir şey deyil. Burada əxlaqsızlıq təbliğ olunmur. Ancaq yenə də bildirirəm ki, burada dini təbliğdən söhbət gedə bilməz, məqsəs şagirdlərə alternativ informasiyaların verilməsidir” deyə ekspert Kamran Əsədov bildirib.
Psixoloq Vəfa Əkbər isə bildirir ki, dərsliklərdə dini mövzulara toxunulması şagirdlərdə qorxu xofu yaradır və çıxarılmalıdır.
Psixoloqun sözlərinə görə, Din mənəvi məsələdir və mənəvi məsələlər hər zaman insanlarda duyğusallıq yaradır, xüsusən də, həssas insanlarda.
Vəfa Əkbər
“Azərbaycan sekulyar dövlət olduğu üçün burada həm İslam, həm Xristian həm də başqa dinləri qəbul edən insanlar var. Dərsliklərdə sırf İslam Dininə aid mətnlərin olması şagirdlər arasında ayrıseçkilik yaradır. Bu da o şagirdlərin psixalogiyasına təsir edə bilir. Onu da vurğulayım ki, belə məsələlərdə dinin önə çəkilmsi şagirdlərdə qorxu yarada bilər. Bundan əlavə din mənəvi məsələdir və düşünürəm ki, mənəvi məsələlər duyğusallıq yaratdlğı üçün təhsil prosesinə xeyrli olmayacaq” – deyə Vəfa Əkbər bildirib.
Dərslikləri hazırlayan Bakı Nəşriyyat evinin direktoru Zaur İsayev isə bildirib ki, artıq dərsliklərdəki həmin dini mətnlər çıxarılıb.
“Burada əsasən tarix və coğrafiya fənnlərindən söhbət gedir. Bu dərsliklər müəyyən standartlara uyğun hazırlanır. Mövzunun diskusia mövzusunu nəzərə alaraq müəlliflər tələbələrə yerin yaradılışının həm dini, həm də müəyyən nəzəryələrə uyğun tərəflərini çatdırıblar. Şagirdlər də diskusiya aparıb müəyyən nəticələrə gələcəklər. Hamımızın ailəsində dini yanaşmalar mövcuddur. Bunu dərsliklərə salmaq ciddi narahatlıq yaratmamalıdır. Ancaq biz sosial şəbəkələrdə insanların fikirlərini nəzərə alıb, məsələnin elə açığ müzakirəyə çıxalıdığını əsas götürüb həmın mətnləri dərsliklərdən çıxardıq. Artıq Təhsil Nazirliyinin saytındakı müzakirəyə çıxarılmış həmən qeyd olunan məsələlərdə dini mətnlər yoxdur” – deyə Bakı Nəşriyyat Evinin direktoru Zaur İsayev bildirib.
Məsələyə təhsil nazirliyindən də münasibət öyrəndik. Təhsil Nazirliyinin İctimaiyyətlə iş sektorunun müdiri Cəsarət Valehov bildirdi ki, dərsliklər müzakirəyə çıxarılıb, hələ qəbul olunmayıb
“Burada hər hansısa dini təbliğatdan söhbət gedə bilməz. Ancaq yenə də bildirim ki, dərsliklər hələ qəbul olunmayıb, müzakiəyə çıxarılıb. Bununla bağlı hələ ki nəsə demək tezdir.
Mövzun publisist, fizik Yalçın İslamzadənin sosial şəbəkədə yazdığı tənqiddən sonra gündəmə gəlib.  Fizik layihədə təqdim olunan dərsliyə belə münasibət bildirib. 
Y.İslamzadə kitabdan hissələr paylaşıb, sonra fikirlərini bildirib.
Yalçın İslamzadə
Dərslik layihəsindən: “Zaman-məkan daxilində sonsuz böyük sıxlığa, nəhəng enerjiyə malik kiçik kütlə-kainatın nüvəsi yaranmış və “Böyük Partlayış” baş vermişdir”.
Y.İslamzadə: Böyük partlayış zaman-məkan daxilində baş verməyib, zaman-məkan böyük partlayışla yaranıb. Partlayışdan əvvək bildiyimiz zaman-məkan anlayışı olmayıb.
Dərslikdən: “Onun (Hokinqin) fikrincə qalaktikalar bizdən uzaqlaşır və Kainat genişlənir”
Y.İslamzadə: Kainatın genişlənməsini Hokinqdən çox əvvəl irəli sürüblər və Habbl müşahidə edib.
Dərslikdən: “Son illərdə Yerin yaranmasının dini kitablardakı təsviri alimlərin diqqətini cəlb edir”. Yalandır, alimlərin diqqətini cəlb etmir, din təbliğatçıları belə iddalarla elmi öncələməyə çalışırlar.
Y.İslamzadə: 3-cü fəslin girişinə, sekulyar dövlətdə, elmi kitabda dini kitablardan referanslar veriblər.
Dərslikdən: “Ərşi su üzərində ikən, göyləri və yeri altı gündə yaradan Odur!” (“Hud” surəsi, 7-ci ayə). Kainat haqqında Quranda verilmiş fikirlər bu gün elm tərəfindən təsdiq edilir.”
Y.İslamzadə: Astronomiya dərsliyində də “ulduzlar qaranlıqda yolunuzu tapmanız üçün yaradıldı” sitatını versinlər. Dərsliklər strateji əhəmiyyətə sahibdir, düşünürəm ki bu halıyla bu dərslik elmin və sekulyar dövlətin prinsiplərinə ziddir və təsdiqlənməməlidir.
şəkil 2