Deputat: “Daşınar əmlakla bağlı qanun layihəsində bəzi problemli məsələlər var”

“Hazırda Milli Məclisin müzakirəsində olan “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsi kiçik həcmli kreditlərin alınması məsələsini asanlaşdırmasını nəzərdə tutur”.
Bu sözləri qanun layihəsini şərh edən deputat Vahid Əhmədov deyib.
Azadlıq Radiosu-nun məlumatına görə, V. Əhmədov bu layihədə bəzi məqamların problem doğura biləcəyini düşünür:
“Müəyyən problem üzündən daşınar əmlaka deyək ki, vergi, gömrük, sığorta orqanları da həbs qoya bilər. Bu zaman bu girovla bağlı vəsaiti ilkin olaraq hansı orqanın götürməsi mübahisələr yaratdı və növbəlilik məsələsini ortaya çıxartdı. Mən hesab edirəm ki, sahibi girovu qaytara bilmədiyi halda, ilk olaraq girovun satışından gələn vəsaiti vergi orqanı götürməlidir. Çünki, vergi birbaşa büdcəyə bağlı məsələdir”.
Deputatın sözlərinə görə, daha bir problem girov qoyulacaq daşınar əmlakın dəyərləndirilməsidir. Vahid Əhmədov hesab edir ki, bundan ötrü qiymətləndirmə meyarları olmalıdır:
“Kiminsə 100 min manat dəyərlində daşınar əmlakı var və onu girov qoyub kredit götürmək istəyirsə, daha buna 10 min manat qiymət qoyulmamalıdır. Girova ədalətli qiymət qoyulmalıdır”.
Xatırladaq ki, ötən həftə parlament “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib. Mayın 2-də parlamentdə qanun layihəsinin müzakirəsi davam edəcək.
Yeni qanun daşınar əmlakların yüklülüyünün hüquqi rejimini və əmlak sahiblərinin hüquqlarının həyata keçirilməsi qaydalarını müəyyən edir. Yeni qanunla insanlar kredit götürərkən mal-qara, maşın, kiçik texnika, televizor, kompüteri və digər daşınar əmlakları girov qoya biləcəklər.
Bu yolla maliyyə resurslarına çıxışın asanlaşdırılması nəzərdə tutulur.
Ancaq bu qanuna tənqidə yanaşanlar da var. Bəzi ekspertlər hesab edir ki, gələcəkdə bu qanun bir çox insanların kredit borclarına görə, ev əşyalarının belə müsadirə edilməsinə imkan yaradacaq.