Ekspert: “Taksi xidməti inhisarlaşdırılır”

Taksi xidmətində vahid tariflər bu sahəni inhisarlaşdırmaq üçündür, deyə iqtisadçı Natiq Cəfərli hesab edir.
Bakı Nəqliyyat Agetliyinin baş direktoru Vüsal Kərimlinin vahid tariflər təşəbbüsünü o, Turan-a belə şərh edib.
Əvvəllər АРА-ya müsahibəsində Kərimli deyib ki, Nazirlər Kabineti və  İqtisadiyyat Nazirliyinə artıq müraciət edilib.
N.Cəfərli deyib ki, taksi sahəsi inflyasiya və devalvasiyaya baxmayaraq, son iki ildə qiymətin düşdüyü az sahələrdəndir və buna səbəb sahədəki rəqabətdir.
“Hakimiyyətin fəlsəfəsi bundan ibarətdir ki, onların nəzarət etdiyi sahələr ən yaxşılardır. Əslində isə əksinədir. Hökumətin nəzarət etmədiyi sahələr bazar iqtisadiyyatı prinsipləri ilə inkişaf edir”, deyə o bildirib.
N.Cəfərli bunu, yəqin ki, London taksilərinin rentabelliliyini artırmaq üçün edirlər.
“Onları dövlət büdcəsindən yardım ilə alıblar. İndi bu taksilər rentabelliliyi itirib. Çünki İnternet və qısa nömrələrlə xidmət təklif edən çox sayda şirkətlər var.  London taksilərinin planı azaldılmır və ona görə vahid tariflə onların rentabelliliyini qaytarmaq istəyirlər”, deyə o, hesab edir.
İstehlakçıların Hüquqlarının Müdafiəsi İB sədri Eyyub Hüseynov isə bu qərarı istehlakçı hüquqlarının pozulması sayır.
“Hökumət tarif tətbiq etməməli, rəqabət yaratmalıdır. Taksi sahəsində inhisar yaratmaq cəhdi aşkar görünür. Hələ Adam Smit deyirdi ki, inhisar istehlakçının başı üstündə baltadır. Normal bazar istisadiyyatında müştəri özü seçim etməlidir”, deyə o bildirib.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətində Turan-a deyiblər ki, taksi xidmətində vahid tarif barədə onlara təklif daxil olmayıb.
“Hələlik təklif yoxdur, ona görə antiinhisar qanunları baxımından onları nəzərdən keçirə bilmərik”, deyə mətbuat xidmətində bildiriblər.