Eldəniz Quliyev prokurorluğa çağırıldı

Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) Koordinasiya Mәrkәzinin (KM) üzvü Eldəniz Quliyev Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Bu barədə Turan-a  E.Quliyev özü bildirib.
E.Quliyevin bildirdiyinə görə, mayın 3-də, saat 10-da adı çəkilən idarədə olması istənilir.
E.Quliyevə prokurorluğa hansı səbəbdən çağırılması barədə bilgi verilməyib.
Xatırladaq ki,  bu il  aprelin 8-də Milli Şura Bakıda mitinq keçirib. Həmin mitinqdən sonra Milli Şurada təmsil olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli prokurorluğa çağırılıb. Ə.Kərimlidən başqa müavini Gözəl Bayramlı, habelə AXCP Təşkilat Şöbəsinin müdiri Saqif Qurbanov da prokurorluğa dəvət edilib. Onlar artıq idarədə şahid qismində dindiriliblər.
Prokurorluqda onlara məlum olmuşdu ki, xaricdən siyasi sığınacaq almaq istəyənlərə saxta sənədlərin verilməsi faktı üzrə cinayət işi açılıb.