Elman Yusifov: “Ümid edirəm ki, ANS gəlib əmlakını binadan çıxaracaq”

“ANS-lə durum gərgin və arzuolunmazdır. Qarşı tərəf faktları düzgün ifadə etmir”.
Bu sözləri “Turan” Agentliyinə Zoologiya İnstitutunun direktoru Elman Yusifov bildirib.
O, deyib ki, ANS Zoologiya İnstitutunun yerləşdiyi binada 3000 kvadrat metr qeyri-yaşayış sahəsini tutub.
“ANS-in Dövlət Əmlak Komitəsi ilə bağladığı icarə müqaviləsi 2016-cı il oktyabrın 1-dən qüvvədən düşüb. Bu sahənin 1000 kvadratmetrinin qapıları istintaq orqanı tərəfindən möhürlənib və polis nəzarətindədir. Qalan 2000 kvadrat metr ərazidən isə ANS əmlakını çıxarmır. Əvvəllər ANS rəhbərliyi telefona cavab verirdi və əmlaklarını çıxaracaqlarını bildirirdi. Son vaxtlar telefonlarına ümumiyyətlə cavab vermirlər. Belə olan halda biz əmlakın binadan çıxarılmasına kömək etmələri üçün Baş Prokurorluğa müraciət etdik. ANS Baş Prokurorluğa bildirir ki, guya biz onları binaya buraxmırıq. Bu, həqiqətə uyğun deyil”, – deyə o söyləyib.
O, ümid etdiyini bildirib ki, ANS əmlakını götürüb, icarə və kommunal xərclərini ödəyəcək.
ANS təmsilçilərindən Zoologiya İnstitutunun direktorunun dediklərinə, hələlik, münasibət almaq mümkün olmayıb. Ancaq bundan əvvəl onlar bəyanat verərək zəngin arxiv materiallarına təhlükə yarandığını açıqlamışdılar. Ölkə rəhbərliyinə müraciət edən şirkət təmsilçiləri ölkənin birinci özəl kanalına dayaq durmağı xahiş edirdilər.
Əvvəlki məqaləAlmaniyadan vətəndaşlarına “Türkiyəyə səyahət” xəbərdarlığı
Növbəti məqalədəAzərbaycan-Türkiyə hərbi təlimləri keçiriləcək