Faiq Əmirli həkim müayinəsindən keçib

Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin həbsdə olan köməkçisi, “Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirli vəkili ilə görüşüb. 
Məlumatı Trend-ə F.Əmirlinin vəkili Fəxrəddin Mehtiyev  verib.
O, F.Əmirlinin səhhəti ilə bağlı 1 saylı Bakı İstintaq Təcridxanasında həkim müayinəsindən keçirildiyini deyib:
“Öd kisəsi və qara ciyərində problem var. Təcridxananın tibb müəssisəsində müayinə olunub, xəstəliyi təsdiqlənib. Hazırda müalicəsi davam etdirilir”.
Vəkil F.Əmirlinin saxlanma şəraitindən narazılığı olmadığını söyləyib.
2017-ci il martın 11-də F.Əmirli barəsində seçilmiş həbs qətimkan tədbiri başa çatırdı. İstintaq orqanının təqdimatı əsasında Nəsimi rayon Məhkəməsi F.Əmirli barəsində olan həbs qərarının müddətini iyun ayının 2-dək uzatmışdı. F.Əmirlinin vəkili qərardan apelyasiya şikayəti vermişdi.
F.Əmirli ötən il avqustun 20-də saxlanılıb. Avqustun 22-də Nəsimi rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib. Onun barəsindəki həbs qətimkan qərarının müddəti bir neçə dəfə artırılıb.
O, Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir.