Gürcüstanda tütündən istifadə qadağan olunacaq

Gürcüstanda yaşayış binaları və cəzaçəkmə müəssisələri istisna olmaqla, bütün növ binalarda siqaret çəkmək qadağan olunacaq.
APA-nın məlumatına görə, bu barədə Tütünə Nəzarət Alyansı məlumat yayıb. Alyansın tütün qadağası haqqında apardığı sorğu ictimaiyyət arasında müsbət qarşılanıb. Gürcüstan parlamentinin deputatları bu sorğunun nəticəsi olaraq “Tütünə nəzarət haqqında” qanuna irəli sürülən dəyişikliklər paketini ilk oxunuşda bəyəniblər. Amma dəyişikliklər barədə müzakirələrin aparılmasının vacib olduğu da vurğulanıb və müzakirədən sonra dəyişikliklərin qəbul ediləcəyi qeyd olunub.
Parlamentinin Səhiyyə Komitəsinin sədri Akaki Zoidze bildirib ki, tütündən istifadə 2018-ci ilin may ayından qadağan olunacaq. O, qanunda edilən dəyişikliklərə əsasən 2020-ci ildə stadionlarda, açıq havada və reklam bazarında tütündən istifadənin qadağan olunacağını və əks təqdirdə, istifadə edən şəxslərin yüksək məbləğdə cərimələnəcəyini söyləyib: “Qadağan olunmuş yerlərdə tütündən istifadə qeydə alınarsa, hüquqi şəxs ilk dəfə 500 lari, ikinci dəfə 2000 və sistematik istifadə etdikdə 5000 lari cərimə olunacaq”.