Gürcüstanla sərhəd məsələsi müzakirə edilib

Bu gün, aprelin 19-da Bakıda Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası məsələləri üzrə məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.
Abzas.net xəbər verir ki, bu haqda Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər yayıb.
Məsləhətləşmələrdə Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Xələf Xələfov, Gürcüstan tərəfdən də xarici işlər nazirinin müavini David Dondua iştirak edib.
Görüşdə hər iki ölkənin xarici işlər nazirliklərinin nümayəndələri və Azərbaycanın əlaqədar dövlət orqanlarının ekspertləri iştirak ediblər.
Məsləhətləşmələrin nəticəsi olaraq sərhəd xəttinin razılaşdırılmamış sahələri üzrə müzakirələrin davam etdirilməsi qərara alınıb. Komissiyanın növbəti iclası Tbilisidə keçiriləcək.