“İlahiyyat” məscidinin idarəçiliyi Qafqaz Müsəlmanları İdarəsinə verilib

“Uzun müddət Bakı Dövlət Universitetinin tələbə şəhərciyi ərazisində dövlət qeydiyyatsız fəaliyyət göstərmiş “İlahiyyat məscidi”nin idarəçiliyi Qafqaz Müsəlmanları İdarəsinə verilib”
QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilib ki, ölkədə dini təhsil alan tələbələr üçün tədris, maarifləndirmə işlərinin daha təkmil şəraitdə həyata keçirilməsi məqsədilə məscid ətrafındakı ərazidə gələcəkdə geniş yenidənqurma işlərinin görülməsi – Tədris Mərkəzinin inşası nəzərdə tutulur.
Bu tədris mərkəzinin elm məbədi – universitet yaxınlığında yerləşməsi də mühüm məqam kimi nəzərdən keçirilir: “Hazırda bu istiqamətdə layihə hazırlıq işləri görülür və bu, məscidin fəaliyyətinə heç bir maneə yaratmır. Məsciddə ibadət prosesləri həyata keçirilməkdə davam edir”.
Mətbuatda, sosial şəbəkələrdə  məscidin bağlanacağı barədə məlumatlar yayılıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “İlahiyyat” məscidində bütün dini ayinlərin icra olunması heç bir məhdudiyyət qoyulmadan, mütəmadi olaraq davam etdiriləcəyini açıqlayıb,məscidin söküləcəyi və ya bağlanacağı ilə bağlı yayılan məlumatları təkzib edib.
“İlahiyyat” məscidi 1993-cü ildən fəaliyyət göstərir.