Moskvanın bir vaxtlar qovduğu terror geri qayıdır?

“The Telegraph” yazır ki, bazar ertəsi Sankt Peterburq şəhərinin metropolitenində törədilmiş partlayış 2013-cü ildə Volqaqradda 32 nəfəri öldürmüş iki intihar partlayışından bəri Şimali Qafqazdan kənarda edilmiş ən ölümcül hücum olub.
Məqalədə deyilir ki, həmin terror aktları 1990 və 2000-ci illərdə baş vermiş qəddar Çeçenistan müharibələrindən radikallaşmış elementlər tərəfindən törədilmişdi.
Əgər söhbət yenə də radikallaşmadan gedirsə, az qala unudulmuş xof yenidən Rusiyaya qayıda bilər.
Məqalədə deyilir ki, son bir neçə ildə Qafqazdakı qiyam səngimişdi. Buna səbəb 2014-cü il Soçi Olimpiadasından əvvəl Rusiya təhlükəsizlik qüvvələrinin genişmiqyaslı tədbirləri olmuşdu.
Sonradan bəlli olmuşdu ki, həmin kampaniya zamanı həm də problem yaradan qiyamçıların Yaxın Şərqə çıxıb getmələrinə imkan yaradılması baş verib. Gedənlərin bir daha Qafqaza qayıtmayacaqlarına ümid edilirdi.
“The Telegraph” yazırdı ki, belə bir plan əvvəl-əvvəl yaxşı işləmişdi. Volqaqraddan sonra terror aktları dalğası yaranmamışdı.
Bununla belə, terrorun “eksportu” o demək idi ki, İraq və Suriyada çoxsaylı rusdilli cihadçılar icması böyüyürdü.
Bəzi təxminlərə görə, özünü İslam Dövləti adlandıran təşkilatın sıralarında hazırda əcnəbi döyüşçülər arasında keçmiş Sovet İttifaqından çıxanlar ən böyük icmanı təşkil edirlər.
Bundan əlavə çılğınlıq və intizamları ilə fərqlənən “Rusiya” briqadaları özlərini Mosul kimi mühüm strateji yerlərdə təsdiq etmiş və keçmiş sovet respublikalarından olan cihadçılar İŞİD-in komandanlığında yüksək postlara sahib olmuşdular.
Vladimir Putin Suriyadakı müharibəsinə haqq qazandırarkən həm də bəyan etmişdi ki, terrorçu qruplaşmaları, onlar Rusiyada cihada başlamamış xaricdə məhv etmək daha münasibdir.
“Biz onlarla oralarda vuruşmalıyıq ki, buralarda vuruşmalı olmayaq” – demişdi Putin 2015-ci ildə xalqa etdiyi müraciətdə.
Məqalədə deyilir ki, Qərb cəmiyyətləri artıq öz acı təcrübələrindən yaxşı bilirlər ki, minlərlə kilometr məsafədə aparılan bombardmanlar onların öz ölkələrində radikallaşmış insanların törətdikləri terrorun qarşısını almır.
Ekspertlər, insan haqları fəalları və yerli rəsmilər illərlə xəbərdarlıq edirdilər ki, iqtisadi məhrumiyyətlər, korrupsiya və Şimali Qafqazda aparılan antiterror tədbirlərinin amansızlığı məsələsi həll edilməyənədək Rusiyadakı radikallaşmanı da aradan qaldırmaq mümkün olmayacaq.
Lakin “The Telegraph” yazır ki, hətta bu hücumun arxasında islamçıların durduğu üzə çıxsa belə, bazar ertəsi baş vermiş hücum Putinin Suriya strategiyasının və ya Şimali Qafqaz siyasətinin məğlubiyyəti kimi qəbul edilməyəcək.
Çox güman ki, eyni vəziyyətə düşən bir sıra Qərb hökumətləri kimi, Kreml də, əksinə terrora qarşı müharibəyə haqq qazandıracaq.