Müstəqil saytların məhdudlaşdırılmasına dair məhkəmə təxirə salındı

Səbail Rayon Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin iddiası ilə bəzi saytlara girişin məhdudlaşdırılması işinə baxış başlanılıb.
Abzas.net xəbər verir ki, hakim Nurəddin Bağırovun sədrliyi ilə keçirilən prosesə jurnalistlər buraxılmayıb.
Azadliq.info saytının nümayəndəsi Səməd Rəhimlinin dediyinə görə, ittihamçı tərəf olan  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndəsinin etibarnaməsi yox idi və maraqlı tərəfin tələbi ilə proses təxirə salınıb. Məhkəmə mayın 1-i davam edəcək.
Meydan.tv-nin nümayəndəsi vəkil Elçin Sadıqov bildirib ki, saytların bloklanması üçün prokurorluq nazirliyə müraciət edib. Bundan sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi də saytların bloklanması haqda qərar qəbul edib.
Səbəb isə azadliq.info, azadliq.org, meydan.tv və azerbaycansaati.com saytların gedən bəzi materialların dövlətin və cəmiyyətin təhlükəsizliyinə təhlükə yaratması göstərilib.
Azadliq.info-nun redaktoru Rövşən Hacıbəyli isə deyib ki, onlara məhkəmənin olacağı barədə 26 apreldə elektron bildiriş gəlib. İddia ərizəsinin məğzi barədə isə məhkəmə iclasından bir neçə dəqiqə öncə öyrəniblər:
“Orda belə yazırlar ki, dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yaratdığından azadlıq.info, azadlıq.org, azerbaycansaati.com domenlərinə, Meydan.tv və Turan telekanalı və Azərbaycan saatı teleproqramlarının yerləşdirildiyi internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması barədə qərar qəbul edəsiniz. Bu uzun illərdir azad mətbuata qarşı edilən hücumların davamıdır. Bu proses 2000-ci illərin əvvəlindən başlayıb və müəyyn qədər də öz məqsədinə nail olub. Buna baxmayaraq kiçik adacıqlar qalmışdı, görünür hakimiyyət onlara da dözmək istəmir. Əvvəl Azadlıq qəzetinin çapını dayandırdılar, indi də saytı bloklamalaq istəyirlər. Bütün bu maneələrə baxmayaraq müxtəlif proqramlarla saytın fəaliyyətini davam etdirəcəyik”.