NATO-dan Türkiyədəki həbslərlə bağlı açıqlama

NATO-nun baş katibi Jens Stoltenberg Türkiyədə 9 mindən çox polisin vəzifədən kənarlaşdırılması və mindən çox təhlükəsizlik işçisinin nəzarətə alınmasına dair açıqlamalar verib.
“Deutsche Welle”-nin xəbərinə görə, Maltada təşkil edilən AB Müdafiə Nazirləri konfransı çərçivəsində açıqlama verən Stoltenberg, Türkiyəni hüquq dövləti prinsiplərinə tam riayət etməsi mövzusunda xəbərdar edərək, “Təbii ki, Türkiyə özünü qoruma və çevrilişə cəhdin arxasında dayanan şəxləri cəzalandırma haqqına sahibdir. Amma, bu təbii ki, hüquq dövləti prinsiplərinə tam hörmət çərçivəsində reallaşmalıdır”, – deyə bildirib.
Hüquq dövləti prinsiplərinə tam bağlılığa böyük əhəmiyyət verdiyini qeyd edən NATO baş katibi, bunun türk liderlərlə daha əvvəl də danışılmış mövzu olduğunu ifadə edib.
Türkiyənin İraq, Suriya və Rusiyaya yaxın strateji coğrafi mövqeyi səbəbi ilə NATO üçün əhəmiyyətli müttəfiq olduğunu vurğulayan Stoltenberg çıxışını bu sözlərlə bitirib:
“28 üzv ölkənin liderlərinin qatılacağı may ayındakı ittifaq zirvəsində öhdəsindən gəlinməsi lazım olan çətinliklər barəsində danışmaq üçün çalışacağıq”.