Otel və ya hostel açmaq asanlaşır

Çoxmənzilli yaşayış sahələrinin və yaşayış evlərinin mehmanxana və ya mehmanxana tipli obyekt kimi istifadə edilməsi asanlaşır.
“Trend” məlumat verir ki, bu “Mənzil Məcəlləsi”nə təklif edilən dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə görə, mehmanxana, mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulan digər tikinti obyektləri “yerləşmə vasitələri” adlandırılır və statusuna görə yaşayış sahəsi hesab edilirlər. Nəticədə özəl mənzil fonduna aid çoxmənzilli yaşayış sahələrinin və yaşayış evlərinin mülkiyyətçi tərəfindən “yerləşmə vasitəsi” kimi istifadəsi üçün heç bir prosedur qaydası tələb olunmayacaq.
Aprelin 11-də Bakıda fəaliyyət göstərən “Freedom” hostel qapadıldı. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov açıqlama verərək “hostellər xalqımızın mentalitetinə yaddır”, – dedi.
DİN rəsmisi hostellərin qeyri-yaşayış binalarında açılmalı olduğunu söyləyib:
 “Sahibkar qanunları pozmayıb. Ancaq qonşuların şikayəti polisin operativ reaksiyası üçün əsas verib. Biz ilkin istintaqı aparıb, işi məhkəməyə göndərdik. Artıq məsələni məhkəmə həll edəcək”.