Prezident niyə ”Yol Xəritəsi”ndən danışmadı?

Əliyev komandasının uzanan və 1 rüblük dövrlə məhdudlaşmayan böhranı aşmağa hazır olmadığı açıq-aşkar görünür
Aprelin 10-da Nazirlər Kabinetinin prezident İlham Əliyevin sədrliyi ilə keçirilən iclası birinci rübün sosial-iqtisadi inkişafının yekunlarına və gələcək vəzifələrə həsr olunsa da, real vəziyyətin adekvat mənzərəsini və qısamüddətli gələcəyə baxışı formalaşdırmağa müvəffəq olmayıb.
Prezident ənənəvi müsbət tonla xarici siyasət sahəsində uğurlardan danışıb, bu, xarici səfərlərin sayı, dövlət və hökumət başçıları ilə görüşlər, forumların keçirilməsi və s. ilə ifadə olunub. Bütün bunlar, əlbəttə ki, iqtisadiyyata dolayı təsir göstərə bilərdi, amma bu təsirin birinci rübdə olmadığı dəqiqdir.
İclasın mövzusuna – sosial-iqtisadi inkişafa gəlincə, göstərilən rəqəmlər daha çox şübhəli dövlət statistikasının makroiqtisadi göstəricilərini, – yeri gəlmişkən, elə bu göstəricilər iqtisadiyyatı kollapsa gətirib çıxarıb – və meqa layihələri, xüsusən iqtisadiyyatın Azərbaycan oliqarxlarının əlində inhisarlaşmasının davam etməsinə yönəlmiş layihələrin həyata keçirilməsi üzrə planları əks etdirirdi.
Amma ayın bir ucunu digər ucuna çətinliklə calaşdıran orta statistik Azərbaycan vətəndaşı, ilin əvvəllərindən manatın 15 faiz möhkəmləndiyi, amma son iki il ərzində həddindən artıq bahalaşmış qiymətlərin enmək bilmədiyi bir şəraitdə çətin ki, inkişaf haqqında belə nikbinliklə danışa bilsin. Hökumət birinci rübə pensiya yaşının növbəti dəfə artırılması ilə başladı, bu dəfə pensiya yaşı, çox güman ki, gender bərabərliyinin təmin edilməsi zərurəti nəzərə alınmaqla, kişilər üçün 63-dən 65-ə, qadınlar üçün 60-dan 65-ə qaldırılıb. Tələbələr hələ 1-ci rüb üçün təqaüd almayıblar. Pensiyaların yalnız sığorta hissəsi 10-15 manat artırılıb, bu da təqaüdçülərin rifahının artırılmasına təsir etməyib. Hər şey isə çox sadədir, əslində pensiya ödəmək üçün vəsait yoxdur.
İclas prezidentin proqnozlar və gələcək işlər haqqında çıxışının ilk və son hissələri arasında uyğunsuzluq yaradan iki mühüm aspekti üzə çıxarıb. Prezident ilin əvvəllərində olduğu kimi, hökumətin iclasında 2016-cı ilin dekabrında elə onun özünün imzaladığı və iqtisadi inkişafın 11 istiqamətini əhatə edən islahatların strateji yol xəitəsindən söz açmayıb. Bu, Əliyevin konstitusiyaya dəyişikliklər haqqında sentyabr referendumundan sonra apreldə başlamağı vəd etdiyi islahatları təxirə salmaq qərarına gəldiyinə dəlalət edə bilər. O, bunun üçün neft qiymətlərinin bahalaşmasını, Vaşinqtondakı qarışıqlıqları və Tramp administrasiyasının xarici siyasət kursunun qeyri-müəyyənliyini, amma ən əsası, sosial-iqtisadi vəziyyətdən, o cümlədən ilin birinci rübündən narazı olan cəmiyyətdə hər hansı etiraz hərəkətliliyinin olmamasını əsas hesab edə bilərdi.
Əliyevin taym-aut götürdüyünün daha bir göstəricisi sosial-iqtisadi bloka görə məsul olan Birinci vitse-prezident Mehriban Əliyevanın iclasda iştirak etməməsidir. Çox güman ki, onun iştirak etməməsi məsuliyyət sahəsinin araşdırılması və onun idarəetməsi altında olan məsələlərə görə məsul şəxslər komandasının formalaşdırılması ilə izah olunur. Amma bu halda belə, Əliyev komandasının uzanan və 1 rüblük dövrlə məhdudlaşmayan böhranı aşmağa hazır olmadığı açıq-aşkar görünür.