Rusiya niyə terrorun hədəfinə çevrilib?

Londondakı Chatham House siyasi tədqiqatlar mərkəzində Rusiya və Avrasiya proqramının rəhbəri James Nixey “The İndependent” qəzetində yazır ki, Qərb, mətbuatın verdiyi bütün təfərrüatlı reaksiyalara baxmayaraq, ümumilikdə Rusiyanın terror hücumuna hədəf olmasına bir qədər soyuqqanlı yanaşıb və bunun çox incə səbəbləri var.
“Rusiya terrorizm qurbanı olub. Ən azı hər hansı başqa bir Qərb ölkəsi kimi…Əslində Londondakı Parlament binaları, Berlindəki Brandenburq darvazası və Avropa boyunca başqa simvolik binalar hüsn-rəğbət və həmrəylik əlaməti kimi işıqlarla Rusiya bayrağının rənglərinə boyanmalı idi, lakin bu, baş verməyib” – yazır Nixey.
Müəllif yazır ki, terror şübhəlisinin əvvəlcə Şimali Qafqazdan olduğu düşünülsə də, indi onun Qırğızıstandan olduğu elan edilib.
Nixey-in fikrincə, hökumətin əsas diqqəti bütün “qeyri-rus xarici görkəminə” malik olanlara yönəlib.
Müəllif qeyd edir ki, əgər şübhəlinin Mərkəzi Asiyadan olduğu rəsmən təsdiqlənərsə, bu, həmin regiondan hər il 3-4 milyion mövsümi miqrantı qəbul edən Rusiya üçün pis xəbər olacaq. Rusiya ABŞ-dan sonra belə böyük miqrant axını ilə üzləşən ikinci ölkədir.
Məqalədə deyilir ki, Qırğızıstan adı da tamamilə təəccüb doğurmayıb, çünki 2016-cı ildə İstanbul hava limanında baş vermiş intiharçı bomba partlayışının şübhəliləri də Şimali Qafqaz və Mərkəzi Asiyadan idilər. Nixey yazır ki, terror mənbəyi kimi bu regionlara əslində Qərb ölkələri də daha diqqətlə yanaşmalıdırlar.
Brandenburq qapıları
Nixey yazır ki, Rusiya Mərkəzi Asiyaya Suriyada olduğu kimi kobud müdaxilə etməyib, əksinə Qırğızıstan məsələsində təmkin nümayiş etdirib. 2010-cu ildə qırğızlar və özbəklər arasında toqquşmalar baş verəndə də, Moskva münaqişəyə qarışmayıb. Buna baxmayaraq Kreml əlbəttə Qırğızıstanın növbəti hökumətini təsirləndirə bilib.
Nixey yazır ki, bütün bunlara baxmayaraq, Rusiyada terrorun səbəblərini araşdırarkən, Moskvanın özünün ölkə daxilində və xaricdəki hərəkətlərinə baxmamaq olmur, hərçənd bu hərəkətlər terror hücumlarına haqq qazandırmır, amma onları izah edir.
Nixey yazır ki, 2005-ci ildə Londonda baş vermiş iyul terror hücumu təhlilçilər tərəfindən həm də Britaniyanın Yaxın Şərqdəki bombardman əməliyyatları ilə əlaqələndirilirdi və əslində, belə yanaşma məntiqidir. Lakin bu yanaşma belə yanaşma Rusiyada qəbul edilmir. Buna görə də belə bir təsəvvür yaranır ki, Rusiya üçün qüdrətli dövlətin siyasi doktrinası və siyasi gündəliyi insan həyatından daha qiymətlidir.
Nixey yazır ki, Rusiyanın və Qərbin terrora yanaşması və reaksiyası arasında çox böyük fərq var.
Müəllif qeyd edir ki, məhz bu səbəbdən də Nitsa və London terror aktları zamanı olduğu kimi Sankt Peterburq hücumunun ardınca Brandenburq qapıları Rusiya bayrağının rənginə boyanmayıb.
Rusiyanın böyüklüyü onu daha böyük terror hədəfi edir
“Əlbəttə, bu o demək deyildir ki, qərblilərin Peterburq qurbanlarına rəğbəti Nitsa və ya London hücumunun qurbanlarına rəğbətindən azdır. Belə yanaşma iqrçilik olardı. Lakin reaksiyalara iki izahat var” – yazır Nixey.
Müəllifin fikrincə, birinci səbəb Rusiyanın öz sərhədlərindən kənarda yürütdüyü geosiyasətdir. Bu geosiyasət Rusiyanın daxilində dövlət telekanalları vasitəsilə ictimaiyyətə yalnız hökumət mövqeyindən çatdırılır. Adamlara təlqin edilir ki, Rusiyanın xaricdə yürütdüyü siyasət yeganə düzgün siyasətdir.
Müəllifin qənaətinə görə, Rusiyada terrora Nitsada olduğundan fərqli yanaşılması Rusiyanın hələ qəddarlaşdırılmış cəmiyyət olaraq qaldığını göstərir. Rusiyada baş vermiş terrora rəsmi dövlət münasibəti ədalətdən çox qisasa söykənir.
Nixey yazır ki, bütün bu reaksiyalarına baxmayaraq Rusiya qarşısdan gələn illərdə Mərkəzi Asiyadan, Rusiyanın öz müsəlman respublikalarından qaynaqlanan daha çox terror aktları ilə üzləşə bilər.
Hazırda Suriyada İD cihadçıları sırasında 2 minədək rusiyalının vuruşduğu təxmin edilir.
Müəllifin fikrincə bunlardan bəziləri vətənlərinə qayıtdıqdan sonra zorakı aktlara üz tuta bilər.
Amma Rusiyanın terrora qəddarlıqla və qisas mövqeyindən yanaşması terroru daha da şiddətləndirə bilər. Üstəlik bu, indi, Rusiyada 2018-ci ildə keçiriləcək prezident seçkilərinin ərəfəsində daha real görünür.
Nixey yazır ki, Rusiya başqa ölkələrlə müqayisədə terror hədəsi qarşısında daha az müdafiəlidir. Belə böyük ərazidə bu qədər çox hədəfi tamamilə mühafizə etmək realist baxımdan mümkün olmaya bilər.