Sabahın havası: yağış, duman, çiskin

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Abzas.net-ə verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 9-12° isti, gündüz 14-19° isti, Bakıda gecə 9-11° isti, gündüz 17-19° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində ayrı-ayrı yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 8-13° isti, gündüz 19-24° isti, dağlarda gecə 0-5° isti, gündüz 8-13° isti olacağı gözlənilir.