Turizmin yalançı inkişaf nağılları, yaxud açıqlanmayan rəqəmlər – Ülvi Həsənli

Ülvi Həsənli
Nazirlik statistikaları, rəqəmləri niyə cəmiyyətə açıqlamır?
Turizm Nazirliyinin sektor müdiri Mahir Qənbərov açıqlama verib ki, “2015-ci illə müqayisədə 2016-cı ildə Azərbaycana İordaniyadan 2 dəfə, Küveytdən 3,2 dəfə, Qətərdən 5,5 dəfə, Səudiyyə Ərəbistanından və Omandan 10 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 22 dəfə, İraqdan 30 dəfə çox turist gəlib”. 
Bilmirəm o açıqlamadakı lazımlı məlumatları dövlət rəsmisi “gizlədib”, yəni açıqlamayıb, yoxsa jurnalist. Amma daha çox ona inanıram ki, nazirliyin məsul şəxsi rəqəmləri deməyib. Çünki bu hökumət rəsmilərinə xas taktikadır. Birinci rəqəmləri şişirdirlər, əgər rəqəmləri lazım olan dərəcədə şişirdə, saxtalaşdıra bilməyəndə, yəni onun üstünü açmaq asan olanda, başlayırlar rəqəmləri gizlədib, əhəmiyyətsiz, təsiri az olan göstəriciləri “dəfə” ilə ifadə etməyə.
Bu məsələlərdə də ondan qaynaqlanır ki, dövlət strukturlarında şəffaflıq, ictimai nəzarət yoxdur. Olsaydı, bir çox dövlət məmurları “filan göstərici neçə dəfə qalxdı” yox, “filan göstərici filan qədər artdı, yaxud azaldı” kimi daha dəqiq açıqlamalar verərdilər. Amma burda heç bir dəqiq say, səhih statistika yoxdur. Statistika Komitəsi də turizm sahəsi üzrə göstəriciləri saytda yerləşdirməyib. Yəni nazirlik nümayəndəsinin açıqlamasının adı, insanları aldatmaq üçün verilən statistikadır. Hətta azad mətbuatın demək olar tam susdurulduğu, bloklandığı ölkədə hakimiyyət real statistikaları açıqlamaqdan qorxur. Çünki ümumi fəaliyyət qeyri-şəffafdır, korrupsiyaya bulaşıb və üstəlik inkişaf yoxdur.
Hökumət və hakimiyyət mediası elə təqdim edir ki, guya Azərbaycana gələn turistlərin sayında dəhşətli artım var. Birincisi, ümumi rəqəmi açıqlamırlar ki, cəmiyyət ümumi mənzərəni aydın görsün. İkincisi, bu az sayda turist gələn ölkələrin “dəfələrini” deməklə Turizm Nazirliyi insanları aldadır. Məsələn, 2-3 ölkənin rəqəmini açıqlayacam, 2015-də rəsmi statistikaya görə İordaniyadan 464, Küveytdən 528, İraq və BƏƏ-dən isə təxminən 2000 (İraq 2147, BƏƏ 2379) nəfər gəlib. Amma adları çəkilən Omman, Qətər kimi ölkələrin 2015-ci ildəki göstəriciləri belə Statistika Komitəsinin saytında, yaxud Turizm Nazirliyinin məlumatlarında yoxdur.
Ülvi Həsənli
Adı çəkilən ölkələrin artımını hesablayanda uzağı 100 min nəfər (hökumətin açıqladığı məhdud rəqəmlər əsasında bu rəqəmi çıxarmaq mümkün oldu) artımdan söhbət gedir. Amm bu yuvarlaq artım “dəfələri” də şübhəlidir. Ona görə dəqiq rəqəmlər çox vacibdir. Amma digər ölkələrdən gələnlərin rəqəmlərini bilmirik deyə müqayisə aparmaq, araşdırma etmək olmur. Çünki hakimiyyət istəmir real mənzərə ortaya çıxsın. Rəqəmlər ortaya çıxsa bilinəcən ki, ölkəyə gələn turistlərin sayında hansı dəyişiklik baş verib. Bu hələ şəffaflığın ən adi elementidir.
Başqa ölkələri hələ qoyuram bir kənara. Məsələn, ötən il Gürcüstana gələn turistlərin sayında 460 min nəfərlik artım olub və ümumi turistlərin sayı 6.3 milyona çatıb. Bu da Azərbaycanla (2015-ci ilə görə 2 milyon) müqayisədə təxminən 3 dəfə çoxdur. Qonşu ölkəyə 2016-cı ildə sırf turizmdən gələn xarici valyuta isə 2.2 milyard dollardır. Gürcüstan turizminin statistikalarına bu saytdan baxa bilərsiniz. Amma Azərbaycanda nə belə resurs var, nə də açıqlanan məlumatlar. 
2016-cı ilin statistikaları Azərbaycan tərəfindən açıqlanmadığı halda, Gürcüstan hakimiyyəti hər ayın statistikasını açıqlayır. Çünki şəffaflıq var, Azərbaycan hakimiyyəti kimi ilin yekunları ilə bağlı şişirdilmiş rəqəmlər düzəldirmir. İlin sonunu gözləmədən hər rəqəmləri elan edirlər.
Azərbaycanda niyə bu rəqəmlər əl çatan deyil, gizlədilir? Çünki şəffaflıq istəmirlər, sistemdə ciddi korrupsiya var, bu sahənin inkişafı indiki idarəçiləri heç maraqlandırmır. Gürcüstanda isə turizm idarəçilərinin yanaşması düzgün istiqamətdədir. Yanaşma və inkişaf fərqi elə ilk olaraq burdan başlayır.
Statistikaları hər detalına qədər açıqlayırlar, şəffafdırlar, QHT-lərlə əməkdaşlıq edirlər, turizm şirkətlərinə dəstək olurlar, düzgün siyasət qururlar, araşdırmalar aparırlar, bu da yekunda turizmin hər il təxminən 7-10 faiz inkişafına səbəb olur. Bizim hökumət isə neçə illərdi ölkəni inkişafdan saxlamaqla məşğuldur. 
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.