Vergilər Nazirliyi Şoppinq Festival ilə bağlı məlumat yayıb

Vergilər Nazirliyi Bakıda keçirilən Şoppinq Festival ilə bağlı məlumat yayıb.
Bakıda Şoppinq Festivalının başlanmasından ötən iki həftə ərzində alınmış malların ümumi məbləği 6 milyon 313,2 min manat təşkil edib. Alıcılara 612,97 min manatlıq əlavə dəyər vergisi (ƏDV) qaytarılıb.
Nazirlik alıcılara 595 min manatın nağd qaydada qaytarıldığını bildirir.
Azadlıq Radiosu xəbər verir ki, nazirliyin statistik bilgilərinə görə, aprelin 10-dan 23-ə kimi 172 obyektdən alınmış mallara 8358 elektron vergi hesab fakturası tərtib edilib. Onlardan da 7902-si nazirliyin ƏDV köşklərində təsdiqlənib.
Hesab fakturalarının 7397-sini yerli vətəndaşlar, 505-ni isə əcnəbilər təqdim ediblər.
2016-cı ildə prezident İlham Əliyev “Turizmin inkişafı üzrə əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamda Mədəniyyət və Turizm Nazirliyinə tapşırılmışdı ki, Bakı şəhər icra hakimiyyəti ilə birlikdə hər il Bakıda Şoppinq Festival təşkil etsin.
Həmin sərəncama əsasən, aprelin 10-da Bakıda ilk Şoppinq Festival keçirilir. Festival mayın 10-na qədər davam edəcək.
Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev martın əvvəlində bildirmişdi ki, festival dövründə Rusiya, Qazaxıstan, Səudiyyə Ərəbistanı, Qətər, Oman, Bəhreyn, İran, Türkiyə və Gürcüstandan turist axını gözlənir.
Nazir vurğulamışdı ki, Azərbaycan iki Şopping Festivalın təşkilinə 1,5 milyon manat xərcləməyi nəzərdə tutur. Gəlir gözləntisi isə 50 milyon manat səviyyəsindədir.