“Yasamal rayon icra başçısı 1 ilə qədər azadlıqdan məhrum edilə bilər”

“Azərbaycan Respublikası qanunvericiliyinə görə, jurnalistin qanuni peşə fəaliyyətinə zor tətpiq etmək və yaxud zor tətbiq etmək hədəsi belə cinayət məsuliyyəti yaradır”
Bu sözləri hüquqşünas Ələsgər Məmmədli Abzas.net-ə açıqlamasında bildirib.
Yasamal Rayon İcra Başçısı İbrahim Mehdiyevin jurnalist Fərqanə Novruzovanın suallarından zor tətbiq edərək yayınmasına münasibət bildirən hüquqşünas deyir ki, zor tətbiq edən şəxs sıradan bir vətəndaş olsaydı daha az məsuliyyət yaranırdı, ancaq bunu hər hansısa bir dövlət məmuru edirsə, burada məsələnin rəngi dəyişir.
“Biz görüntülərdən görürük ki, icra başçısı bunu polisin yanında çox rahatlıqla etdiyi üçün, o öz vəzifəsindən sui-istifadə edərək bunu edir. Bu zaman Cinayət Məcəlləsinin 163-cü maddəsinin 2-ci bəndi tədbiq olunur. Burada 1 ilə qədər azadlıqdan məhrum etmə, 3 ilə qədər müəyyən vəzifə tutmaqdan məhrum etmə və s. cəzalar tətbiq edilə bilir” – deyə hüquqşünas bildirib.
Ələsgər Məmmədli deyir ki, Cinayət Prosesual Məcəlləsinə görə, əgər hadisə KİV-də yayılırsa, Prokurorluq orqanları dərhal işi araşdıra bilər. Burada jurnalist müraciət etməsə, iş araşdırılmayacaq deyə bir şey yoxdur.
Hüquqşünas bildirib ki, jurnalistin işi informasiyanı israrla da olsa əldə etməkdir. KİV haqqında qanunun müddəalarına görə məmur ya jurnalistin suallarına cavab verməli idi, ya da müəyyən bir zamandan sonra cavab verə biləcəyini bildirməlidir.
“Burda aşkar şəkildə jurnalistlərin qanuni peşə fəaliyyətinə həyata keçirməsinə zor tətbiq etməklə maneçilik yaradılmasından söhbət gedir. Milli qanunvericilik isə bunu cinayət sayır.
Bu sözləri isə məsələyə münasibət bildirən Xalid Ağalı deyib. Xalid Ağalı deyir ki, Cinayət Məcəlləsinin 163-cü maddəsinə görə, jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma, yəni zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə onları məlumat yaymağa və ya məlumat yaymaqdan imtinaya vadar etmə cinayətdir.
“Sözügedən konkret olayda jurnalist məhkəməyə müraciət edə, peşə fəaliyyətini yerinə yetirməsini zor tətbiq etməklə əngəlləyən şəxsin məsuliyyətə cəlb olunmasını tələb edə bilər. Jurnalistin peşə fəaliyyətini yerinə yetirməsini əngəlləyən şəxs adi vətəndaş olduqda, onu 100-500 manat cərimə və ya bir ilədək müddətə islah işləri ilə cəzası gözləyir. Bu işdə olduğu kimi, məmurlar belə əmələ yol verdikdə onların cəzası daha ağırdır. Qanunvericiliyiyə görə, jurnalistin peşə fəaliyyətini əngəlləyən vəzifəli şəxslərin cəzası iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmədir. Bununla bərabər onlar üç ilədək müddətə müəyyən vəzifə tutma hüququndan məhrum da edilə bilərlər” – deyə ekspert bildirib.
Ekspertin sözlərinə görə, baş verən olayın araşdırılması üçün jurnalistin özünün hüquq mühafizə qurumlarına müraciət etməsi şərt deyil.
“Jurnalistə qarşı qabalıq edilməsi, zor tətbiqi faktı aşkardır, bütün mediada yayılıb. Prokurorluq bu məlumatlar əsasında özü araşdırmaya başlaya, jurnalistə zor tətbiq edən vəzifəli şəxsi məsuliyyətə cəlb etməlidir” – deyə ekspert Xalid Ağalı bildirib.
Millət Vəkili Fazil Mustafa isə bildirir ki, bu məsələni ciddi araşdırmaq lazımdır. İbrahim Mehdiyev işini bilən, bəlkə də ən bacarıqlı icra başçılarından biridir.
“Ola bilsin ki, jurnalist də hansısa bir kobudluğa yol verib. Açığı mən icra başçıları ilə seçicilərin problemləri ilə bağlı tez-tez əlaqədə oluram. Onların içində ən yüksək səviyyədə reaskiya verən, problemlərin həllinə maksimum çalışan İbrahim Mehdiyevdir. Ona görə də, mənə inandırıcı gəlmir ki, hər hansısa bir kobudluq olsun. Əgər olubsa, bu hansısa ekstremal vəziyyətdə, fərqli bir situasiyada olub ki, bunu araşdırmağa gərək var” – deyə millət vəkili bildirib.
Fazil Mustafa deyir ki, əgər adam bir neçə dəfə cavab vermirsə, geri çəkilirsə, jurnalist sual verə bilərdi ki, mətbuat konfransı olacaqmı? Bu daha doğru olardı, nəinki jurnalistin etdiyi.
“Başa düşürəm, jurnalistin işi informasiya almaqdır. Ancaq bu o demək deyil ki, icra başçısı hər dəqiqə kiməsə xüsusi açıqlama verməlidir. Ola bilsin ki, mətbuat konfransı olacaqdı və İbrahim bəy bütün məlumatları orada verəcəkdir. Hər iki halda jurnalistə zor tətbiq etmək yaxşı deyil. Məsələ araşdırılmalıdır” – deyə millət vəkili Fazil Mustafa bildirib.
İcra Başçısının zor tətbiq etdiyi jurnalist Fərqanə Novruzova Abzas-a bildirib ki, məsələ ilə bağlı məhkəməyə və prokurorluq orqanlarına müraciət edəcək.
“İcra Başçısı mənim suallarıma cavab vermək yerinə zor tətbiq etdi. Kameramı itələdikdən sonra kamera üzümə dəydi. Gecəyə qədər üzümdə qızartı qalmışdı. Mən vəkilimlə məsləhətləşmişəm. Biz məhkəməyə və prokurorluq orqanlarına müraciət edəcəyik” – deyə jurnalist Fərqanə Novruzova bildirib.